ABŞ İraqdan çəkilir: Bağdad üçün ŞANS, yoxsa tarixi SINAQ?
Yaxın Şərqdə geosiyasi "kartların" yenidən paylandığı bir vaxtda ABŞ İraqdakı hərbi missiyasını yekunlaşdırmağa hazırlaşır. Bu da ilk növbədə regionun təhlükəsizlik arxitekturasında köklü transformasiyanın başlanğıcı sayıla bilər.
Bəs kontingentin çıxarılmasından sonra İraqı hansı ssenarilər və ya sınaqlar gözləyir?

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a şərhində bildirib ki, ABŞ-nin İraqdan hərbi çıxışını yalnız “Vaşinqtonun regionu tərk etməsi” kimi qiymətləndirmək düzgün olmaz. Burada daha çox təhlükəsizlik modelinin dəyişməsindən söhbət gedir: "ABŞ hərbi missiyasını İraq ərazisində başa çatdırsa da, Bağdadla təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının tam dayandırılması nəzərdə tutulmur. Bu isə İraq üçün həm imkan, həm də ciddi risklər yaradır. İranpərəst silahlı qrupların dövlət strukturlarına tam inteqrasiyası məsələsinə gəldikdə, bunun müəyyən hissəsi realdır, lakin bütün fraksiyaların qısa müddətdə tam neytrallaşdırılması kifayət qədər çətin görünür. Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi onsuz da formal olaraq dövlət təhlükəsizlik sisteminin tərkibindədir. Əsas problem həmin qüvvələrin vahid dövlət komandanlığına nə dərəcədə tabe olmasıdır.
Kataib Hizbullah, Harakat ən-Nucaba və digər güclü fraksiyaların siyasi, təşkilati və hərbi müstəqilliyi Bağdadın qarşısında ciddi maneədir. Buna görə ən real ssenari onların birdən-birə ləğvindən daha çox, ağır silahların mərkəzi nəzarətə keçirilməsi, şəxsi heyətin uçota alınması və tədricən dövlət təhlükəsizlik strukturlarına inteqrasiya edilməsidir.
ABŞ-nin çıxmasından sonra İraqın əsas sınağı İŞİD-lə mübarizədə yaranacaq kəşfiyyat və logistika boşluğunu doldurmaqdır. İŞİD artıq 2014-cü ildəki kimi əraziyə nəzarət edən təşkilat deyil, onun əsas təhlükəsi gizli hüceyrələr, pusqular, terror aktları və kənd-çöl ərazilərində yenidən təşkilatlanma potensialıdır. Buna görə İraq ordusu hərbi əməliyyatlardan daha çox hərbi kəşfiyyat və müxtəlif təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinə söykənməli olacaq. ABŞ ilə kəşfiyyat əməkdaşlığının regional səviyyədə davam etdirilməsi də burada mühüm əhəmiyyət daşıyır”.
V.Zifəroğlunun fikrincə, Kürdüstan məsələsi xüsusilə həssasdır: “ABŞ-nin Ərbildən çıxması Pəşmərgənin hava və kəşfiyyat imkanları baxımından müəyyən boşluq yaradır. Bundan sonra Bağdadla Ərbil arasında təhlükəsizlik koordinasiyasının gücləndirilməsi zərurəti artır. Əgər tərəflər mübahisəli ərazilərdə birgə təhlükəsizlik mexanizmləri yarada bilsələr, bu, İŞİD üçün yaranan boşluqları azalda bilər. Əks halda Bağdad-Ərbil fikir ayrılıqları təhlükəsizlik zəifliyinə çevrilə bilər.
Körfəz ölkələri baxımından da vəziyyət dəyişir. Səudiyyə Ərəbistanı və BƏƏ üçün əsas məsələ İraqın İranın təsirində olan silahlı qrupların regional fəaliyyət platformasına çevrilməməsidir. Buna görə Körfəz dövlətlərinin İraqla siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini artırması mümkündür. Yəni ABŞ-nin hərbi çəkilməsinin yaratdığı boşluğu yalnız hərbi vasitələrlə deyil, investisiya, enerji, ticarət və diplomatik əlaqələrlə balanslaşdırmaq cəhdi doldura bilər”.