"ABŞ Konqresi Rusiyanı terrorçu dövlət elan edən qanunu gələn ay qəbul edəcək" - XAQANİ CƏFƏRLİ
"Dərbəndin və digər torpaqlarımızın Rusiya işğalından azad edilməsi çox yaxın gələcək üçün xalqımızın əsas hədəfi olmalıdır"
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin Praqada keçirilən Parlamentlərarası Konfransında estoniyalı deputatın sualını cavablandırarkən Rusiyanı faşist dövləti, mövcud rejimi isə faşist rejimi adlandırması əsaslı şəkildə təkzib edilmir. Belə qənaət yaranır ki, avropalı liderlər Rusiyanın faşist dövləti, Putin rejiminin faşist rejimi olması fikirini yaymağa, ligitimləşdirməyə başlayıblar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Rusiyanın terrorçu dövlət kimi tanınması ilə bağlı ABŞ prezidentinə təzyiqlər güclənib: "Böyük ehtimalla, ABŞ Konqressinin Nümayəndələr Palatası Rusiyanın terrorçu dövlət elan edən qanunu bu ay, ən geci gələn ay qəbul edəcəklər. Böyük Britaniyanın baş naziri Liz Trassla telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın terrorçu dövlət kimi tanınması vacibdir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib və terrorçu dövlət kimi tanınması üçün rəsmi Kiyev mübarizəsini davam etdirəcək. Beynəlxalq ictimaiyyət Rusiyanı terrorçu dövlət kimi tanıyan ölkələrlə həmrəylik göstərməli, Rusiyanın terrorçu dövlət kimi tanınması üçün beynəlxalq təşkilatlara və bütün ölkələrin hakimiyyətlərinə təzyiq göstərməlidir. Bunun üçün ilk addım Rusiyanı faşist dövləti və Putinin hakimiyyətini isə faşist rejimi adlandıran Avropa və amerikalı siyasətçilərlə həmrəylik göstərmək lazımdır. Başqa xalqlardan fərqli olaraq bu addım ən qədim şəhəri Rusiya işğalı altında olan xalqımız üçün ləyaqət məsələsi olmalıdır. Dərbənd və digər torpaqlarımız Kreml işğalında qaldıqca Rusiyanı faşist dövləti adlandırmaqdan çəkinməməliyik. Dərbəndin və digər torpaqlarımızın Rusiya işğalından azad edilməsi çox yaxın gələcək üçün xalqımızın əsas hədəfi olmalıdır".
Xaqani Cəfərlinin fikrincə, Rusiyanın parçalanması ilə bağlı Vaşinqton, Varşava, Praqa, Vilnüsdə keçirilən müzakirələrdə iştirak edərək Dərbənd və digər torpaqlarımızla bağlı xalqımızın mövqeyini bütün dünyanın diqqətinə çatdırmaq lazımdır: "Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Rusiyanın gələcəyi ilə bağlı əksər müzakirələrdə xalqımızın mövqeyini ifadə etməyə çalışır. Lakin bu yetərli deyil. Bütün cəmiyyət və rəsmi qurumlar bu prosesə qoşulmalıdır. Torpaqlarımızın Rusiya işğalından azad edilməsini tələb etsək bütün dünya bizimlə həmrəy olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az