"ABŞ Laçın yolundakı durumu məqsədyönlü şəkildə şişirdir" - KƏNAN NOVRUZOV
"Vaşinqtonu düşündürən Cənubi Qafqazdakı sabitlik yox, buradakı maraqlarının təmin olunmasıdır"
"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays növbəti dəfə Azərbaycan və Ermənistana müraciət edib. O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edir. Sözçü Vaşinqtonun vasitəçilik təşəbbüsünü davam etditməyə hazır olduğunu nəzərə çatdırıb. Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir. O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.
Ağ Evdən əvvəllər də oxşar bəyanatların verildiyini vurğulayan ekspertin sözlərinə görə, Vaşinqton son zamanlar İrəvanla Bakı arasındakı vasitəçilik məsələsində xüsusi fəallıq göstərir: "Bunun üçün isə Laçın yolundakı durumdan istifadə olunur. Laçın yolundakı durum ABŞ-ın fəallığını artırması üçün bir növ fürsətə çevrilib. Təsadüfi deyil ki, Vaşinqton mövcud durumu problem kimi təqdim etməyə çalışır. Hərçənd əslində Ermənistanın ictimailəşdirməyə çalışdığı kimi humanitar böhrandan söhbət getmədiyini ABŞ rəsmiləri özləri də anlayır. Yəni, ABŞ Laçın yolundakı durumu bilərəkdən, məqsədyönlü şəkildə şişirdir. Və bu vasitəsilə regiondakı təsur gücünü artırmağa çalışır".
Kənan Novruzovun fikrincə, ABŞ-ın səyləri səmimi deyil. O, qeyd edib ki, Vaşinqtonu düşündürən Cənubi Qafqazdakı sabitlik yox, buradakı maraqlarının təmin olunmasıdır: "ABŞ səmimi olsa idi, bunu çoxdan göstərərdi. Ağ Ev vasitəçilik təşəbbüslərini bundan sonra da davam etdirməyə çalışacaq. Bunun bizim üçün əsas avantajı Rusiyanın neytrallaşdırılmasıdır. Məhz tərəflər arasındakı mübarizə nəticəsində biz öz təhlükəsizliyimizin və maraqlarımızın təmin olunmasına nail ola bilərik. ABŞ-la olan münasibətlərimizi qorumalı, soyuqqanlı davranmalı, ehtimal edilən təxribatlara, o cümlədən maraqlarımızın təhdid olunmasına imkan verməməliyik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az