📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ mətbuatı: “Nüvə danışıqları səbəbindən İranın Amerika bazasına hücumu barəsində açıqlama verilmədi”

2021-11-19 16:35:00

ABŞ mətbuatı: “Nüvə danışıqları səbəbindən İranın Amerika bazasına hücumu barəsində açıqlama verilmədi”

Hurriyyet.az xəbər verir ki, “Nyu-York Tayms” (NYT) nəşri ABŞ-ın İranı “Ət Tanf” bazasını vurmaqda təqsirkar bildiyini yazıb.

Nəşrin yazdığına görə, Amerika hakimiyyəti İranla “nüvə müqaviləsi” danışıqları aparıldığına görə, Tehranın ünvanına aşkar ittihamlar irəli sürmür.

“Nyu-York Tayms” ABŞ və İsraildəki rəsmi şəxslər də daxil olmaqla, çoxsaylı mənbələrə istinad edərək yazır ki, cari ilin oktyabr ayının 20-də dronlar vasitəsi ilə Suriyanın cənubundakı Amerika hərbi bazasına zərbə endirilməsi İranın İsrailin Suriyadakı aviazərbələrinə cavabı olub.

ABŞ Mərkəzi Komandanlığı bunu “qəsdən və planlı şəkildə”, məhv etmək niyyəti ilə endirilmiş zərbə adlandırıb. Hücum nəticəsində heç kim zərər çəkməyib. Çünki, İsrail kəşfiyyatçılarının əldə elədiyi məlumatdan sonra hücumdan xəbərdar olmuş ABŞ qüvvələri bazanın 200 nəfərə yaxın əməkdaşını oradan çıxarıblar.

İranla nüvə müqaviləsi ilə bağlı danışıqlar noyabrın 29-da yenidən başlanacaq.

 

Hürr Tərcüman