ABŞ narahatdır: “İran Rusiyaya ballistik raketlər verəcək”
Hurriyyet.az xəbər verir ki, Ağ Evin təmsilçisi Con Kirbi Birləşmiş Ştatların İran ilə Rusiya arasındakı münasibətlərin vəziyyətini izləyəcəyini, lazım gələrsə, müvafiq tədbirlər görəcəyini bəyan edib. Bu barədə məlumatı “Röyters” agentliyi yayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin iddiasına görə, İran Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə eləməsi üçün ballistik raketlər vermək imkanlarını nəzərdən keçirir. O, bundan əvvəl İranın Rusiyaya dronlar, idarəedilən aviabombalar və artilleriya sursatı tədarük elədiyini və Moskvanın bu silahlardan Ukraynadakı müharibədə istifadə elədiyini qeyd edib.
Ağ Evin təmsilçisi deyib: “Çox güman ki, İran Rusiyanı dəstəkləmək üçün daha bir addım atacaq. Biz İranın Rusiyaya Ukraynada istifadə eləməsi üçün ballistik raketlər vermək imkanlarını nəzərdən keçirməsindən narahatıq”.
Onun sözlərinə görə, bu dəstəyin müqabilində Rusiya Tehrana “müdafiə sahəsində misilsiz əməkdaşlıq” təklif edib, raketlər, elektrotexnika, HHM sistemi verməyə hazırdır. İran Rusiyadan milyardlarla dollarlıq qiyməti olan hərbi texnika – hücum vertolyotları, radarlar və hərbi təlim təyyarələri almağa can atır.
Hürr Tərcüman