📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ öz vətəndaşlarını Ukraynanı dərhal tərk eləməyə çağırdı

2022-07-15 08:45:00

ABŞ öz vətəndaşlarını Ukraynanı dərhal tərk eləməyə çağırdı

Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsindən sonra ABŞ dövləti amerikalıları Ukraynanı dərhal tərk eləməyə çağırıb.

ABŞ-ın Ukraynadakı səfirliyi dünən Vinnitsa şəhərinə raket atıldıqdan sonra Amerika vətəndaşlarını Ukraynaya səfər eləməməyə, orada qalanları isə təcili ölkədən getməyə çağırıb. ABŞ-ın Ukraynadakı səfirliyinin açıqlamasında deyilir: “Rusiya tərəfindən hərbi hücumların davam eləməsi səbəbindən bütün Ukraynada təhlükəsizliklə bağlı vəziyyət amansız və gözlənilməz olaraq qalır. ABŞ səfirliyi ABŞ vətəndaşlarını Ukraynaya səfər eləməməyə, hazırda Ukraynada olanları isə təhlükəsiz olacağı halda, şəxsi quru nəqliyyatından istifadə edərək dərhal oradan getməyə çağırır”.

Rusiyanın hərbi hədəfinə çevrilməmək üçün amerikalılara Ukraynanın istənilən yerində, o cümlədən qərb ərazilərində təşkil edilmiş tədbirlərdən və böyük toplantılardan uzaq durmaq tövsiyə edilir.

Səfirliyin açıqlamasında daha sonra deyilir: “Bütün Ukrayna ərazisində təhlükəsizliklə bağlı vəziyyət həddindən artıq qeyri-sabitdir və qəflətən pisləşə bilər. ABŞ vətəndaşları ayıq-sayıq olmalıdırlar və təhlükəsizlik səviyyəsi barəsində məlumatlılığı artırmaq üçün müvafiq tədbirlər görməlidirlər”.

Xəbər verdiyimiz kimi, cümə axşamı günü səhər saat 11 radələrində Rusiya hərbçilərinin Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 23 nəfər həlak olub, onların 3 nəfəri uşaqdır. 115 nəfər zərər çəkib, onlardan 64 nəfəri (o cümlədən 2 uşaq) yaralı vəziyyətdə xəstəxanadadır, yaralılardan 5 nəfərinin vəziyyəti ağırdır.

Zərbə nəticəsində ofislər yerləşən bina dağıdılıb, yaxınlıqdakı yaşayış binaları zərər çəkib. Raket zərbələrinin törətdiyi yanğın avtodayanacaqdakı 50 avtomobilin od tutmasına səbəb olub.

Hürr Tərcüman