"ABŞ özünü bölgəyə soxmaq üçün fürsət arayır" - RƏŞİD HACILI
"ABŞ-ın bu missionerlərinin silahlı rus əsgərlərinin lüləsi altında necə işləyəcəyini təsəvvür edə bilmirəm"
"ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller bugecəki brifinqdə yenə Qarabağla bağlı sualları cavablandırıb. Onun açıqlamasında bir pis, bir yaxşı xəbər var". Hurriyyet.az xəbər veri ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı bildirib.
Onun sözlərinə görə, yaxşı xəbər odur ki, Metyu Miller "ermənilərə qarşı etnik təmizləmə olduğu hökmünü vermək üçün sübutlar lazımdır. Bu bizdə yoxdur", deyib: "Millər həmçinin, "Köçənlərin geri qayıda bilmələri üçün şərait yaradılacağını gözləyirik", deyə əlavə edib. Pis xəbər isə odur ki, yenə Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini çeynəyirlər. ABŞ-ın başda olduğu beynəlxalq missiya yaradıb bölgəyə yollamaq, Azərbaycanın bu işləri necə gördüyünə, ermənilərin reinteqrasiya olunmasına nəzarət etmək istəyirlər. Bir sözlə, özlərini bölgəyə soxmaq üçün fürsət arayırlar. Bakı buna yol verəcəkmi? Hansı formatda və mandatla? Bakı razılaşmasa hansı təzyiqlər edəcəklər? Bunları bilmirik. Sadəcə, ABŞ-ın bu missionerlərinin silahlı rus əsgərlərinin lüləsi altında necə işləyəcəyini təsəvvür edə bilmirəm".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az