ABŞ: Priqojini Baxmutdakı müharibəyə cəzb edən ərazidəki yataqlardır
ABŞ hesab edir ki, Vladimir Putinə yaxın olan biznesmen və “Vaqner” muzdlu ordusunun başçısı Yevgeni Priqojin Rusiya qüvvələrinin uğrunda qızğın döyüş apardığı Baxmut bölgəsindəki duz və gips yataqlarına nəzarəti ələ keçirməkdə maraqlıdır.
“Reuters”in Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, Vaşinqtonun “Baxmutla bağlılığın maddi motivlərlə bağlı olduğunu” düşünməyə əsasları var.
Baxmut bölgəsində sahəsi 179 kv.km olan Avropanın ən böyük duz yatağı (Artemovskoye) var.
ABŞ daha əvvəl rus muzdlularını Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Afrikadakı təbii sərvətlərdən istifadə etməkdə ittiham edib. Rusiya hakimiyyəti bu ittihamları rədd edib.
Vaşinqtonun məlumatına görə, müharibədə iştirak edən təxminən 50.000 muzdlu döyüşçüdən 4.000-dən çoxu ölüb, 10.000-i yaralanıb. Ağ Ev sözçüsü bildirib ki, təkcə ötən il noyabrın sonundan dekabrın əvvəlinə kimi Baxmut uğrunda gedən döyüşlərdə mindən çox muzdlu ölüb.
Bundan başqa, dünən Ukrayna ilə müharibədə iştirak etmək üçün "Vaqner"ə cəlb edilmiş ilk rus məhbus qrupu 6 aylıq müqaviləni başa vurub və şəxsən Priqojinin özü tərəfindən yola salınıb. Bu barədə kadrlar KİV-lərdə yayıldı. Söhbət iki yüz nəfərdən gedir. Priqojin deyib ki, onların hamısı əfv olunub.
Dekabrın sonunda isə ABŞ bildirmişdi ki, Vaqner Qrupu Ukraynadakı Rusiya qüvvələrini dəstəkləmək üçün Şimali Koreyadan silah alıb ki, bu da muzdluların münaqişədə rolunun genişlənməsini göstərir.
P.S. Amma siyasətin məqsədinin iqtisadi maraqları maskalamaq və üstünü ört-basdır etmək olduğunu nəzərə alsaq, Ağ Evin iddialarının əsaslı olduğunu qəbul etmək olar. Maddi maraqları olmasa kiminsə hansısa bir hərəkət və addım üçün barmağını tərpətməsi belə əsassız görünür. Sözsüz ki, bölgədə duz və gips yataqlarının olması ilk üzdə görünən amildir, amma böyük ehtimalla yalnız bu deyil. Dünyanın hazırkı trendində qaz-neft və digər enerji yataqları uğrunda rəqabət ön plandadırsa, şübhəsiz ki, Ukraynanın işğal edilmiş bölgələrində söhbət yalnız duz və gibsdən gedə bilməz. Böyük ehtimalla "torbada başqa pişiklər də var". Sadəcə indi açıqlanmayan şeylər öz növbəsini gözləyir.
Ülviyyə, Hurriyyet.az