"ABŞ, Qərb birmənalı və ikibaşlı olmadan "Qarabağ Azərbaycandır" deməlidir" - FUAD ÇIRAQOV
"Bir məsələni yaxşı anlamalıdır ki, onlar Ermənistanı və Nikol Paşinyanı bizsiz xilas edə bilməyəcəklər"
"ABŞ və Qərb Nikol Paşinyanı qorumağa çalışır, Ermənistanı Rusiyanın əlindən almaq, özü yerləşmək istəyir, buna etirazımız yoxdur. Yerləşsin, olsun Qərb sərhədlərimizdə Qərb! Ancaq məsələni Ermənistan-Rusiya-ABŞ/Qərb aranızda həll edin, bizi qatmıyın". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov qeyd edib.
Bununla yanaşı, politoloq onu da bildirib ki, Qərb, ABŞ Ermənistanda əvvəllər Rusiyanın oynadığı neqativ rolu oynamamalıdır: "Ermənistan təzə ağasını Qarabağa görə bizim üstümüzə salmamalıdır. Bunun üçün Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında, burcutmadan, Qarabağ mövzusunu orda burda, Konqresdə qaldırmadan sülh imzalamalıdır. ABŞ, Qərb bir məsələni yaxşı anlamalıdır ki, onlar Ermənistanı və Nikol Paşinyanı bizsiz xilas edə bilməyəcəklər. Ermənistan da Gürcüstan kimi Qərbpərəst olmaq istəyir, olsun. Onda özünü də Gürcüstan kimi aparsın, Qarabağı unutsun, çıxarsın gündəliyindən".
Fuad Çıraqov hesab edir ki, ABŞ, Qərb birmənalı və ikibaşlı olmadan "Qarabağ Azərbaycandır" deməlidir: "ABŞ səfiri Şuşaya getməlidir, ondan sonra isə bir daha heç bir yerdə Qarabağ sözünü ümumiyyətlə, hansısa formada işlətməməlidir. Onsuz da bu sözə dilləri yatmır. Gürcüstanın necə Qərbpərəst olmasına illər boyu dəstək verdiksə, Ermənistana da həmin dəstəyi verə bilərik. Şərtimiz və mövqeyimiz tam aydındır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az