ABŞ qoşunlarının Avropaya getməsinə qərar verildi...hərbi yardım yoxsa işğal?
Son günlərdə ABŞ-ın Avropaya qoşun göndərib-göndərməməyi qızğın müzakirə mövzusu idi. Nəhayət ki, 2022-ci il fevralın 2-də bu barədə qərar açıqlandı. ABŞ administrasiyası həftələrlə davam edən müzakirələrdən sonra Rusiyanın Ukrayna ilə sərhədlərdən qoşunların çıxarılması çağırışını rədd etdikdən sonra Avropaya əlavə qoşun göndərmək qərarına gəldiyini bildirib.
Bu barədə "CNN" ABŞ rəsmilərinə istinadən xəbər verir ki, prezident Co Bayden bir neçə min əsgərin Avropa NATO üzvlərinin ərazisinə köçürülməsini rəsmən təsdiqləyib. Məlumata görə, təxminən 2 min hərbçi Polşaya, daha bir neçə min nəfər isə Avropanın cənub-şərq ölkələrinə, o cümlədən Rumıniyaya gedəcək.
Hazırda NATO-nun çevik reaksiya qüvvələrinin dəstəyə ehtiyacı olacağı təqdirdə 8,5 min ABŞ əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Mənbələrin "CNN"ə verdiyi məlumata görə, ABŞ ordusu alyans ölkələri ilə ikitərəfli razılaşmalar əsasında hərəkət edəcək, çünki NATO rəsmi olaraq mümkün təhlükəyə çoxmillətli hərbi cavab mexanizmini hələ işə salmayıb.
Eləcə də Pentaqon Baydenin əmrini təsdiqləyib və Polşa və Rumıniyadan başqa Almaniyada da qüvvələrin yerləşdiriləcəyini bildirib. Pentaqonun sözçüsü Con Kirbi həmçinin çərşənbə günü bildirib ki, qoşunlar Baltikyanı ölkələrə də göndərilə bilər. O, Amerika əsgərlərinin Ukraynada mümkün hərbi əməliyyatlarda iştirak etməyəcəyinə inandırmağa çalışıb.
“Bu qüvvələr təcavüzün qarşısını almaq və müttəfiqlərimizi qorumaqdan ötrü missiyaları yerinə yetirmək üçün nəzərdə tutulub və təchiz edilib”, deyə Con Kirbi bildirib.
Amma məsələyə başqa prizmadan baxsaq ABŞ qoşunlarının Berlinin ondan yaxa qurtarmaq istəyinə rəğmən Avropaya daha geniş və dərinliklərə yayılması hərbi yardımdan çox işğala daha çox bənzəyir. Məlumdur ki, Berlin və Paris dəfələrlə və vaxtaşırı Avropa ordusunun yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Səbəb Avropanın Amerika asılılığından, daha dəqiq desək Britaniya asılılığından qurtulmaq istəyidir. Almaniya bir əsr ərzində iki dəfə-1914 və 1939-cu illərdə Avropanı öz hakimiyyəti altında birləşdirməyə cəhd etdi. Bu isə Avropanın Britaniyanın hakimiyyətindən çıxması demək idi və London buna qətiyyən imkan verə bilməzdi. Belə desək, təxminən indi də oxşar durum yaşanmaqdadır. Amma indi London daha güclüdür. Keçən əsrdə Britaniyanın "dünya hegemonu" titulunu əlindən almağa iddia edən və müəyyən mənada buna nail olan ABŞ Londonun əlində "çəkic2 yaxud "balta" rolunu oynayır. Faktiki olaraq ABŞ-ın əliylə Britaniya Avropanın "cilovlayır" və onu cızığından çıxnağa qoymur. Odur ki, Vaşinqtonun hərbi kömək adı altında Avropaya hərbi qüvvəsini yayması, burada genişlənməsi "yumşaq işğal"dır. Sadəcə bunu görmək üçün güzgüləri üz-üzə qoyub alınan "əsk mənzərə"yə nəzər atmaq lazımdır.
Ülviyyə, Hurriyyet.az