📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ rəsmisi Ned Prays: Türkiyə təhlükəsizlik üzrə ABŞ-ın vacib müttəfiqidir

2022-12-08 12:50:00

ABŞ rəsmisi Ned Prays: Türkiyə təhlükəsizlik üzrə ABŞ-ın vacib müttəfiqidir

ABŞ NATO-dakı əsas müttəfiqi Türkiyənin müdafiə ehtiyaclarını ödəməyə hazırdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın müdafiə büdcəsinin yekun mətnindən F-16-ların Türkiyəyə satışını məhdudlaşdıran maddələrin çıxarılmasını şərh edərkən deyib.
“Əlbəttə, Türkiyə NATO-nun mühüm müttəfiqi, təhlükəsizlik üzrə mühüm tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi mürəkkəb təhdidlərlə mübarizə aparması üçün lazım olanı təmin etmək istəyirik”.
Prays diqqəti ona yönəldib ki, "NATO-nun heç bir üzv dövləti öz ərazisində Türkiyə qədər terror hücumlarına məruz qalmayıb". Bu baxımdan Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Vaşinqton üçün böyük əhəmiyyət kəsb edir", deyə Ned Prays davam edib.
Prays daha sonra xatırladıb ki, prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden Madriddə keçirilən NATO sammitində bu mövzunu müzakirə ediblər.
“Əlbəttə, biz Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu davam etdirmək üçün lazım olan müdafiə imkanlarına malik olmasını təmin etməyə çalışırıq”, deyə Ned Price ifadə edib.
Xatırladaq ki, 2023-cü maliyyə İli üçün Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) yekun mətni daha əvvəl Nümayəndələr Palatasının Türkiyənin F-16-ların alışını məhdudlaşdırmaq üçün təqdim etdiyi maddələri ləğv edib. ABŞ Konqresinin müvafiq komitələri 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini razılaşdırıblar. Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 döyüş təyyarəsi və xidmətdə olan 80 təyyarə üçün təkmilləşdirmə dəsti istəyir. Döyüş təyyarələrinin və komponentlərinin Türkiyəyə təhvil verilməsini qadağan edən düzəlişlər qanun layihəsinə Demokrat senatorlar Bob Menendez və Kris van Hollen tərəfindən daxil edilmişdi.

Ülviyyə, Hurriyyet.az