ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyirsə, İRƏVANI BAKI İLƏ SÜLHƏ MƏCBUR ETMƏLİDİR
Məhəmməd Əsədullazadə: "Qərb və Rusiya Ermənistana dəstək verməklə Azərbaycanın sülh istəyinin qarşısını alır, halbuki yeni müharibə Ermənistan üçün daha acı nəticələrə səbəb ola bilər"
Elxan Şahinoğlu: "İsrail-İran gərginliyi, iki ölkə arasında toqquşma ehtimalı Ermənistanı Rusiyadan qorumaq mövzusunu arxa plana keçirib"
Rəşid Hacılı: "Bakı ilə Ankara Ermənistanda 3-cü ölkələrin hərbi varlığını istəmir, onun neytral ölkə kimi nə Rusiyanın, nə də ABŞ-ın forpostu olmamasında maraqlıdır"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziyaya müsahibəsində bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı artıq bir sıra qarşılıqlı razılaşmalara nail olunub. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Mirzoyan bununla yanaşı, hələ də tərəflərin iki əsas məsələ haqqında fikirlərinin bir-birindən uzaq olduğunu qeyd edib: "Bizim Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq, lakin təəssüflər olsun ki, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır. Birincisi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı delimitasiya prosesinə aiddir. Ən azı 3-4 dəfə görüş oldu ki, orada tərəflər Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqlədilər və delimitasiya prosesinin bu əsasda baş tutmasını razılaşdırdıq. Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Azərbaycanın da bu bəyannaməyə sadiqliyi təsdiqləndi və mənə də qəribədir ki, biz sülh müqaviləsində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu məsələdə daha dərin anlaşma əldə edə biləcəyik. İkinci əsas məqam infrastrukturun açılmasıdır". Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Ermənistanın xarici işlər naziri əlavə edib ki, bu, ayrıca prosesdir, işçi görüşlər keçirilib və hazırda onların müzakirəsi üçün bir neçə variant var: "Ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun".
Aprelin 5-də Ermənistanın baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin Brüssel görüşünə toxunan erməni professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə hesab edir ki, Brüsseldə Ermənistana konfet yox, konfet kağızı göstərdilər: "Çünki Avropa və ABŞ-ın 4 il ərzində verdiyi pul Ermənistanda bir dənə də olsun ciddi məsələni həll edə bilməz. Ermənistanın suverenliyi və ərazi bütövlüyü satışa çıxarılıb. 270 milyon avro + 65 milyon dollar heç bir infrastrukturu inkişaf etdirə biləcək məbləğ deyil. Başqa sözlə, Avropanın Ermənistana iqtisadi marağı sıfırdır".
Enerji təhlükəsizliyinə gəlincə, erməni ekspert bildirib ki, Qərbin heç bir ölkəsində nüvə reaktoru və ya onların istismarı təcrübəsi yoxdur: "Belə iki ölkə var: Rusiya və Çin. Ermənistan sınaq meydançasına çevriləcək, çünki təcrübəsi olmayan ölkələr bizə modul qurğular təklif edirlər. Burada Litvanın təcrübəsini tətbiq etmək istəyirlər, amma bu cəfəngiyyatdır. Təbii ki, Paşinyana etimadsızlıq var, çünki Avropada axmaq yoxdur və onlar çox gözəl başa düşürlər ki, Ermənistan tamamilə antirusiya yolu ilə gedə bilməz. Avropada onlar çox gözəl başa düşürlər ki, İrəvan tamamilə Rusiyadan asılıdır və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqla Ermənistan iqtisadi iflasa uğrayacaq, ictimai-siyasi böhran yaranacaq və onların planlarının heç biri reallaşa bilməyəcək. Avropa da çox gözəl anlayır ki, Ermənistan hakimiyyəti sırf öz hakimiyyətini saxlamaq üçün manevr edir. Ermənistan Aİİ-dən çıxdığını və 102-ci Rusiya hərbi bazasının çıxarılmasını elan edəcəyi təqdirdə, bu, onlar üçün mühüm addım olacaq, görünür, bu, İrəvanın planlarında yoxdur. Başqa sözlə, iqtisadi və siyasi komponentləri nəzərə almaq lazımdır. Bəli, Qərb Paşinyanın göz yaşlarına inanmır. Onlar başa düşürlər ki, Paşinyan müəyyən qədər antirusiyalıdır. Bundan başqa, Ermənistanda Rusiyaya qarşı hərtərəfli avantüraya gedə biləcək hökumətin olduğunu düşünmürəm. Onlar bunu yalnız Avropada çox yaxşı başa düşülən informasiya səviyyəsində edə bilərlər. Aİİ-dən çıxsaq, əvəzində Avropa bazarını almadan nəhəng Aİİ bazarını itirəcəyik, çünki bu, uzun standartlaşdırma prosesi tələb edir. Ermənistanın qərbləşməsi bütün hesablamadan məhrumdur".
Digər erməni şərhçi Artak Akopyan isə hesab edir ki, İran-İsrail müharibəsi başlayarsa, rəsmi İrəvan Azərbaycanın Zəngəzurla bağlı istəyini yerinə yetirməyə məcbur olacaq. Akopyanın fikrincə, İran böyük müharibəyə girərsə, Zəngəzur bağlı tələbləri arxa plana keçəcək: "Paşinyan Rusiya ilə münasibətlərimizi korladı. Bu halda yeganə ümidimiz İrandır. Tehran Ermənistan sərhədlərini "qırmızı xətt" elan edib. Əgər böyük müharibəyə başlasa, Azərbaycan Zəngəzurla bağlı tələbində daha da israr edəcək və bütövlükdə Zəngəzuru nəzarətə götürmək istəkləri də ola bilər. Bu halda Ermənistanı heç bir qüvvə müdafiə etməyəcək".
"Əgər Rusiya Ukraynada qalib gələrsə, Nikol Paşinyanı bir sutka ərzində hakimiyyətdən salacaq və Qərbin bütün hərbi təlimatçılarını Ermənistandan qovacaq"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ və Avropa İttifaqı Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarını aradan qaldıra bilməsə də, Ermənistana dəstəkdə ortaq mövqeyə malikdirlər: "Kollektiv Qərb Ukraynada taktiki olaraq Rusiyaya qarşı hərbi müstəvidə məğlub olmaqdadır. Rusiyanı Cənubi Qafqazdan və Şərqi Avropada mövqeyini zəiflətmək üçün ən strateji platsdarm Ukraynadır. ABŞ burada Ukraynanı Rusiya ilə təkbətək buraxıb. Üç aydır ki, ABŞ-dan Ukraynaya silah göndərilmir. Amma Ermənistana hərbi təlimatçılar gəlir. Vaşinqton və Brüssel Cənubi Qafqazda guya Rusiyanı Ermənistandan çıxarır, Nikol Paşinyana siyasi və təhlükəsizlik dəstək ifadə edir. Halbuki, çox ciddi strateji səhvə yol verirlər".
Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, əgər Vaşinqton Rusiyanı Cənubi Qafqazdan xüsusilə də Ermənistandan çıxarmaq istəyirsə, İrəvana ciddi təzyiq edib, Azərbaycanla sülhə məcbur etməlidir: "Bununla da Rusiyanın Ermənistanda mövqeyi ciddi zəifləyəcək. Amma hazırda bunun əksinin şahidi oluruq. Əgər Rusiya Ukraynada qalib gələrsə, Nikol Paşinyanı bir sutka ərzində hakimiyyətdən salacaq və Qərbin bütün hərbi təlimatçılarını Ermənistandan qovacaq. Bu isə özlüyündə Azərbaycan və bütün region üçün ciddi təhlükə gətirəcək. Hesab edirəm ki, Vaşinqton və Brüssel Ukraynaya tam dəstək verməklə, Rusiyanı Ermənistandan növbəti mərhələdə çıxara bilər. Hazırda Qərb rəsmi Bakının üzərinə düşüb ki, guya Azərbaycan Ermənistan ərazilərinə müdaxilə edəcək. Həmçinin, Azərbaycanı demokratiya və insan haqları məsələsində tənqid edir. Halbuki, Ukraynada hər gün yüzlərlə insanın ölümünə seyirçi qalır. Kollektiv Qərb Ukraynaya dəstək olmaq əvəzinə, Cənubi Qafqazda əlavə problemlər yaradır. Ermənistan rəhbərliyi isə Qərbin Ukraynaya "dəstəyini" görmək istəmir, Azərbaycanla ikitərəfli danışıqlara getmək əvəzinə sərhəddə ordu yığır. Odur ki, Qərb və Rusiya Ermənistana dəstək verməklə Azərbaycanın sülh istəyinin qarşısını alır. Yeni müharibə isə Ermənistan üçün daha acı nəticələrə səbəb ola bilər".
"Ermənistan Avropaya yaşıl enerjinin nəqli layihəsinə qoşulmaq üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalamalıdır"
Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyinin açıqlandığını xatırladan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə deməyiblər: "Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib. ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib. Beləliklə, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil. Təəssüf ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. Onlar Paşinyanın "sülh kəsişməsi" ideyasına dəstək verdiklərini söylədikləri halda prezident İlham Əliyevin daha geniş "Qafqaz evi" ideyasına münasibət bildirmədilər. Ursula von der Leyen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. "Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik" – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək".
"Vaşinqton və Brüsselin İrəvana ayırdıqları vəsait Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmağa kifayət etməyəcək"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin qənaətincə, İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsi və nəticədə bu iki ölkə arasında artan gərginlik Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçlü görüşünün əhəmiyyətini azaldıb: "İran İsrailə zərbə vurmağa hazırlaşır. İsrail İranın mümkün həmləsini cavabsız qoymayacaq. Bu halda ABŞ müttəfiqi İsraili dəstəkləmək məcburiyyətində qalacaq. Bu arada, İrandakı mərkəzlərin İsrail-Azərbaycan əməkdaşlığına görə Bakını hədələməsi Vaşinqtonun və Brüsselin diqqətindən yayınmayıb. İsraillə tərəfdaşlığa görə İranın Azərbaycana qarşı hər hansı təxribatı olarsa, ABŞ və Avropa İttifaqı Azərbaycana dəstəklərini artırmalı olacaqlar. Bölgədə bunlar yaşanarkən, Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edən ABŞ və Avropa İttifaqı rəsmiləri Azərbaycanı narazı salmamağa çalışdılar. ABŞ İran üzrə elçisini Bakıya göndərdi, dövlət katibi Entoni Blinken Brüssel görüşündən iki gün əvvəl prezident İlham Əliyevə zəng etdi. Vaşinqton və Brüssel rəsmi Bakının narahatlığını azaltmaq üçün diplomatik fəallıqlarını artırdılar. Təsadüfi deyil ki, Vaşinqton və Brüssel İrəvana təhlükəsizlik təminatı vədini vermədilər, ayırdıqları 250 milyon avro və 65 milyon dollar isə Ermənistanın iqtisadi problemlərini və İrəvanın Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün kifayət etməyəcək. Beynəlxalq aləm üçün əsas mövzu İsrail-İran gərginliyi, iki ölkə arasında toqquşma ehtimalı və bölgədə İsrailin tərəfdaşlarını qorumaqdır, Ermənistanı Rusiyadan qorumaq mövzusu arxa plana keçib".
"İran ayətullahları ilə ABŞ-ı birləşdirən bir qırmızı cızıq var və bu da Ermənistandır"
Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan ictimai-siyasi fəal Rəşid Hacılı isə hesab edir ki, İran ayətullahları ilə ABŞ-ı birləşdirən bir qırmızı cızıq var və bu da Ermənistandır: "İrana Ermənistanı doğmalaşdıran başlıca səbəb onun anti-türk pazı roluna can atmasıdır. Yəni, Türkiyə və Azərbaycan arasında paz. Bu pazın son parçası Zəngəzurdur. Rusiya üçün də Ermənistan eyni alət idi. ABŞ və Avropa İttifaqının Ermənistana xüsusi dəstəyinin hədəfinin Azərbaycan olmadığını deyirlər. Bakıya Ermənistanın Rusiyaya qarşı dirəniş gücünü artırmağı hədəflədiklərini aşılamağa çalışırlar. Bu gün bu elə görünür. Amma sabah? ABŞ və Avropa İttifaqı Ermənistanda addım-addım gücləndikcə onu öz forpostuna çevirməyəcəkmi? Bu forpost kimə qarşı olacaq? İranamı qarşı? Bəlkə də İran rejimini şah rejiminə dəyişmək üçün. Ermənistan pazı ABŞ-ın da işinə yarıyacaq. Ən azı Azərbaycan və Türkiyə arasındakı bütün kommunikasiyaya nəzarət edəcək. Onları özündən asılı durumda saxlayacaq. Türkiyə ilə digər türk dövlərləri və xalqları arasında bağları nəzarətdə saxlayacaq. Həmçinin, İrandakı proseslərə də nəzarət edəcək. İranda mümkün rejim dəyişikliyinin Güney Azərbaycanın güclü siyasi subyektliyi ilə sonuclanmasını öz istəyinə uyğun şəkilləndirmək üçün imkan qazanacaq".
Rəşid Hacılının sözlərinə görə, Azərbaycan və Türkiyəni yaxın perspektivdə narahat edən budur: "Azərbaycanla Türkiyə Zəngəzurdan güvənli və maneəsiz nəqliyyat keçidi almaqla, eyni zamanda, qarşılıqlı iqtisadi-diplomatik əlaqələrlə Ermənistan pazını aradan qaldırmaq istəyirlər. Bakı ilə Ankara həmçinin, Ermənistanda 3-cü ölkələrin hərbi varlığını istəmir, onun neytral ölkə kimi nə Rusiyanın, nə də ABŞ-ın forpostu olmamasında maraqlıdır".
Vazeh BƏHRAMOĞLU