📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Senatı Rusiyadan uran almağı qadağan etdi – Moskva daha bir gəlir mənbəyini itirir

2024-05-01 12:43:54

ABŞ Senatı Rusiyadan uran almağı qadağan etdi – Moskva daha bir gəlir mənbəyini itirir

Çərşənbə axşamı ABŞ Senatı nüvə stansiyalarında elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə edilən az zənginləşdirilmiş uranın ABŞ-yə idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, qanun layihəsinin dəstəkçiləri bu qərarı ABŞ-nin enerji təhlükəsizliyini təmin etmək və Kremli Ukraynadakı müharibə üçün vəsaitdən məhrum etməyə hazır olmasının əlaməti kimi qiymətləndiriblər.

Vayominq senatoru Con Barasso deyib: “Bizim qanunvericilik Rusiya döyüş maşınının ləğvinə kömək edəcək, Amerikada uran istehsalını canlandıracaq və nüvə yanacağı tədarükü zəncirinə investisiyaları stimullaşdıracaq”.

Onun sözlərinə görə, Vayominqdə Rusiyadan gətirilən uranı tamamilə əvəz etmək üçün kifayət qədər uran ehtiyatı var.

Aydaho senatoru Cim Riç isə deyib ki, Amerikanın Rusiya ilə zənginləşdirilmiş urandan təhlükəli asılılığına son qoyulmalıdır. “Bu, milli təhlükəsizlik məsələsidir. Qanunvericiliyi təsdiq etməklə biz Rusiyanın qlobal nüvə yanacağı təchizatı sisteminə nəzarətini dayandırmağa kömək edəcək mühüm addım atdıq", - senator qeyd edib.

Ötən il Rusiya ABŞ-yə uran satışından 1,2 milyard dollar gəlir götürüb ki, bu da əvvəlki illə müqayisədə 43 faiz çoxdur. Son bir ildə uranın dünya bazarında qiyməti 70 faiz artıb. Rusiya ABŞ-yə əsas uran ixracatçısıdır.

Müvafiq qanun layihəsi dekabrda Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Yeni qanunun tezliklə Prezident Co Bayden tərəfindən imzalanmasından sonra qüvvəyə minəcəyi gözlənilir.

AzPolitika.info