ABŞ Tbilisidəki hərbi paradda iştirak etməyəcək
Hurriyyet.az xəbər verir ki, ABŞ Tbilisidəki hərbi paradda iştirak etməkdən imtina edib.
Tbilisidəki ABŞ ordusunun Amerikanın Tbilisidəki səfirliyinin və NATO-Gürcüstan təlim mərkəzinin ixtiyarında olan kiçik bölməsi son on il ərzində həmişə Gürcüstanın müstəqillik əldə elədiyi 26 may tarixinə həsr edilmiş paradlarda iştirak edib. Yalnız bu il ABŞ qüvvələri Azadlıq meydanında keçirilən hərbi paradda iştirak etməkdən imtina edib. Səbəb Gürcüstan rəhbərliyinin Vaşinqtonu bu ölkədə inqilab təşkil eləməkdə ittiham eləməsidir.
"Kommersant" nəşrinin yazdığına görə, bu barədə parlamentin müxalifətçi deputatı Teona Akubardiya parlament binasında keçirilən brifinqdə məlumat verib. Akubardiya 2014-2017-ci illərdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibinin müavini olub.
Xanım Akubardiyanın sözlərinə görə, “ABŞ mayın 26-da keçirilmiş hərbi tədbirdə iştirak etməməklə” hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri milyarder Bidzina İvanişvilinin və Vaşinqtonu “dövlət çevrilişinə hazırlıq”da ittiham edən digər gürcü liderlərinin bəyanatlarına etirazını nümayiş etdirib.
Deputatın sözlərinə görə, ABŞ həmin səbəbdən bu il Gürcüstana hərbi-texniki və məsləhət yardımını 72 milyon dollardan 55 milyon dollara endirib.
Hürr Tərcüman