📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ Ukrayna məsələsi ilə bağlı konkret qərar qəbul etməlidir" - ŞAHİN CƏFƏRLİ

2021-12-08 14:15:00

"Əgər Ağ Ev və Pentaqon arasında hazırda gedən müzakirədə Ukraynaya "Patriot" və REM sistemlərinin göndərilməsi qərarı çıxsa, bu, həqiqi mənada real dəstək olacaq"

"Qərb hələ indi müzakirə etməyə başlayıb ki, Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ona qarşı real təsirə malik sanksiyalar tətbiq olunsun. Halbuki, Rusiyanın hərbi müdaxiləsi çoxdan - 2014-cü ildə baş verib. Lakin buna cavab kimi indiyədək tətbiq edilmiş sanksiyalar yalnız Qərbin öz simasını qorumasına xidmət edən, Rusiya iqtisadiyyatı və Putin rejimi üçün ciddi təsiri olmayan məhdudiyyətlər idi. Ukrayna böhranı 8-ci ilinə yaxınlaşır. Qərb (anqlo-sakson qanadı) hələ indi müzakirə etməyə başlayıb ki, görəsən, Ukraynaya özünümüdafiə üçün strateji hərbi sistemlər verək, ya yox?" Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi qeyd edib ki, söhbət hava-raket hücumundan müdafiə sistemləri, yerüstü və suüstü hədəfləri vuran raketlər və radioelektron mübarizə vasitələrindən gedir: "İndiyə qədər ABŞ-ın Ukraynaya verdiyi ən ciddi silah “Javelin” antitank sistemi olub, onun da sayı hələ ki yetərsizdir, üstəlik, son aylara qədər birinci müdafiə xəttində istifadəsi qadağan idi. Rusiya ordusunun Ukrayna ordusundan güclü olduğu məlumdur, amma quru qoşunları arasında kəskin fərqlər olduğuna şəxsən inanmıram. Əksinə, ukraynalılar öz torpaqlarını qoruduqları üçün motivasiya baxımından üstünlükləri var, kəmiyyətdə də ev sahibləri üstündür: 250 minlik ordu + cəbhə xəttində xidmət keçmiş 400 min rezervist. Başlıca problem intensiv hava-raket hücumlarından müdafiədir. Elə əsas məsələ də budur".

Şahin Cəfərlinin fikrincə, bu istiqamətdə zəiflik o deməkdir ki, Rusiya istəsə, heç genişmiqyaslı quru əməliyyatı keçirmədən də raket-aviasiya zərbələri ilə Ukraynanı təslimçi sülhə məcbur edə bilər: "Əgər Ağ Ev və Pentaqon arasında hazırda gedən müzakirədə Ukraynaya “Patriot” və REM sistemlərinin göndərilməsi qərarı çıxsa, bu, həqiqi mənada real dəstək olacaq. Ümumilikdə ABŞ Ukrayna məsələsini acı bağırsaq kimi uzadan siyasətindən vaz keçib, konkret qərar qəbul etməlidir: ya bu ölkəni öz müdafiə çətiri altına alır və onu birdəfəlik ayının caynağından qurtarır (bunun üçün NATO üzvlüyü şərt deyil); ya da ukraynalılara deyir ki, gedin, rusiyalı qardaşlarınızla özünüz dil tapın. Hətta ikinci yol da, məncə, Ukrayna üçün qeyri-müəyyənlikdən daha yaxşıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az