ABŞ Ukraynaya HIMARS sistemlərini verəcək – Yeni yardım paketinə nələr daxildir?
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri Birləşmiş Ştatlar Ukraynaya 17,5 milyard dollardan artıq hərbi yardım ayırıb.
Dünən ABŞ hökuməti Ukraynaya ümumilikdə 625 milyon dollar həcmində yeni müdafiə paketinin ayrıldığını bəyan edib.
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı paketə daxil olan silahlar barəsində məlumat verib.
Pentaqonun bu barədə yazılı açıqlamasında deyilir: “Bu, 2021-ci ilin avqustundan bəri ABŞ Müdafiə Nazirliyinin silah-sursat ehtiyatlarından Ukraynaya göndərilən sayca 22-ci paketdir”.
Paketə dörd ədəd HIMARS raket sistemi və müvafiq hərbi sursatlar, 16 ədəd 155 mm-lik haubitsa və onlar üçün 75 min mərmi daxildir. Əlavə olaraq, 500 ədəd yüksəkdəqiqliklik 155 mm-lik mərmilər, həmçinin, uzaqdan minalamaq üçün eyni kalibrli min mərmi göndəriləcək.
Bundan başqa, Ukraynaya 16 ədəd 105 mm-lik haubitsa, 120 mm-lik minaatanlar üçün 30 min mina göndəriləcək. Siyahıda 200 ədəd MaxxPro minaəleyhinə nəqliyyat vasitəsi, 200 min patron, Claymore piyadaəleyhinə sursatların göndəriləcəyi də qeyd olunub.
Hürr Tərcüman