📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ və AB-dən Rus Pravoslav Kilsəsinə qarşı sanksiya tətbiq etmək tələb edilməlidir" - XAQANİ CƏFƏRLİ

2022-03-09 14:36:00

"Qərbin siyasi mərkəzlərində Rus Pravoslav Kilsəsinin xarici ölkələrdəki kilsələrinin Rusiyanın "beşinci kolon"u rolunu oynadığı haqqında qənaət güclənir"

"Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi soyqırıma, insanlıq əleyhinə hərbi cinayətlərə bəraət qazandıran Rus Pravoslav Kilsəsinə sanksiya qoyulması haqqında təkliflərin artıq gerçəkləşmə zamanıdır. “Novaya qazeta”nın Moskva Patriarxiyasındakı mənbələri Patriarx Krillin Ukraynaya hərbi müdaxilədən əvvəlcədən xəbərdar olduğunu təsdiq ediblər. Fevralın 23-də, Ukraynaya qarşı hərbi müdaxilədən bir neçə saat əvvəl Patriarx Krillin ənənəvi müraciətində yer alan “Qurbansız müharibə olmur” ifadəsi də onun müharibənin başlayacağından xəbərdar olduğunu təsdiqi kimi qəbul olunur". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, martın 6-da isə Patriarx Krill Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərinin dini nöqteyi-nəzərdən doğru olduğunu əsaslandırmağa çalışıb: "Rus Pravoslav Kilsəsinin əsas simalarından olan Mitropolit Kornili və Mitropolit Tixon isə Rusiyanın Ukraynada törətdiyi insanlıq əleyhinə cinayətləri açıq şəkildə dəstəkləyiblər".

Xaqani Cəfərlinin fikrincə, Qərbin siyasi mərkəzlərində Rus Pravoslav Kilsəsinin xarici ölkələrdəki kilsələrinin Rusiyanın “beşinci kolon”u rolunu oynadığı haqqında qənaət də güclənir: "Buna görə də Rus Pravoslav Kilsəsinə qarşı sanksiyanın tətbiq olunma ehtimalı artıb. Beynəlxalq ictimaiyyət ABŞ və Avropa Birliyindən Rusiyadakı rejimin bir hissəsi olan Rus Pravoslav Kilsəsinə qarşı sanksiya tətbiq etməyi qətiyyətlə tələb etməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az