ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi, MÜHARİBƏ RİSKİ ARTDI
Xaqani Cəfərli: "Qərbə hədə-qorxu gələn Rusiya hakimiyyəti imicini, simasını qorumaq üçün təhlükəli addım atmaq məcburiyyətindədir"
""Velzuvel" (fransız yazıçısı Aleksandr Dümanın dünyaca məşhur "Üç muşketyor" romanın qəhrəmanı Dartanyanın sarımtıl qırmızı rəngli atının adı) ləqəbli Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 26-da Dövlət Dumasında bəyan etmişdi ki, Rusiya ABŞ və NATO-nun müzakirələri uzatmaqla Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinin gündəlikdən çıxmasına imkan verməyəcək". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə ötən gün ABŞ və NATO cavab verib və Moskvanın Şimali Atlaantika Alyanı ilə bağlı tələblərinin qəbuledilməz olduğunu elan edib: "Vaşinqton və Brüssel bununla Moskvanın əsas tələblərinin qəbuledilməz olduğunu rəsmiləşdirdi. Yəni, NATO-nun Şərqə doğru genişlənməsinə hüquqi məhdudiyyətlər qoyulmayacaq və yeni üzvülərin, o cümlədən Ukrayna və Gürcüstanın intiqrasiyasının yolu açıq saxlanılacaq. Rusiyaya cavabın Ukrayna ilə əlaqəli şəkildə hazırlanmasının açıqlanması Moskvaya verilmiş ən tutarlı cavab hesab oluna bilər".
Politoloq əlavə edib ki, bundan sonra söz Rusiyanındır: "Qərbə hədə-qorxu gələn Rusiya hakimiyyəti imicini, simasını qorumaq üçün təhlükəli addım atmaq məcburiyyətindədir. Əks halda ölkə daxilində etirazlar və hakim siyasi elitada parçalanmalar meydana çıxacaq. Müharibə ehtimalı artdı".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az