ABŞ və Türkiyə arasında münasibətlər sürətlə soyuyur - barışıq ümidləri gələn ilki seçkilərə qədər təxirə düşür
Türkiyə ilə ABŞ arasında gərginlik son həftələr sürətlə artmaqdadır. Bu gün ABŞ prezidenti Cozef Bayden ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu təmin edən “fövqəladə vəziyyət” qərarını daha bir il uzadıb. Ağ Evin bəyanatında qeyd olunub ki, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi üçün təhdid yaratmaqda davam edir”.
Prezident Ərdoğan Qəzza zolağında baş verən hadisələrə və Suriyanın şimalındakı hərəkətlərinə, həmçinin Türkiyəyə məxsus PUA-nın vurulmasına görə ABŞ-ı növbəti dəfə kəskin tənqid edib. Ərdoğan bildirib ki, ABŞ-ın İsrail sahillərinə ikinci döyüş gəmisi göndərmək qərarı sülhə xidmət etmir. Əksinə, Qərb ölkələri Fələstində humanitar böhranın qarşısını almaq üçün heç bir addım atmır.
Eyni zamanda o, ABŞ-ın NATO-da müttəfiqi olan Türkiyənin PUA-nı vurmasını tənqid edərək, amerikalıların üzrxahlığının qəbul edilmədiyini və PUA-nın qəsdən vurulduğunu bildirib.
Görünür, Vaşinqtonda Türkiyəyə qarşı soyuq münasibətin davam etməsi artıq Ankaranı narahat edir. Türkiyə hakimiyyətinin bu ilin yazından başlayaraq müxtəlif kanallarla ABŞ-la münasibətləri yaxşılaşdırmaq cəhdləri nəticə verməyib və Ankara artıq Vaşinqtonla barışıq ümidini itirib. Ankara barışığa ümidlərini gələn il ABŞ-da keçiriləcək seçkilərdə Respublikaçıların mümkün qələbəsinə bağlayır.
Ülviyyə, Hurriyyet.az