Abşeronda abadlıq-quruculuq işləri davam etdirilir
Abşeron rayonunda yol infrastrukturunun yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin estetik görünüşünün yüksəldilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Hurriyyet.net xəbər verir ki, Bakı–Quba avtomobil yolunun 12-39-cu km-liyində, Abşeron rayonu ərazisinə düşən hissədə son iki həftə ərzində aparılan abadlıq işlərinə gündəlik olaraq 300 nəfərədək işçi qüvvəsi və 70-ə yaxın texnika cəlb olunub.
Abadlıq işləri yolun Xırdalan şəhəri, Masazır, Ceyranbatan, Saray və Şəfəq yaşayış məntəqələrindən keçən hissələrini əhatə edir. Bu çərçivədə yolun hər iki tərəfində yerləşən tikililərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, fərdi yaşayış evlərinin fasadlarının və hasarların bərpası, eləcə də ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.
Belə ki, fərdi yaşayış evlərinin fasadları, həmçinin ümumilikdə 2.150 m² hasar bərpa edilərək suvanıb və rənglənib. Yolboyu hasarlarda xüsusi dekorativ naxışlar yaradılıb, ümumi görünüşə xələl gətirən sənədsiz yarımtikililər və 950 m² hasar sökülərək ərazi təmizlənib və abadlaşdırılıb.
Uçmuş, yarımçıq qalmış və avtomobil qəzaları nəticəsində zədələnmiş hasarların bərpası məqsədilə ümumilikdə 850 m² sahədə hörgü işləri aparılıb. Bundan əlavə, yolboyu 10.950 m² hasara suvaq vurularaq rənglənib, 4.000 m² sahədə isə hasarlara dekorativ taxta elementlər quraşdırılıb.
Ərazidə piyadaların hərəkətinin rahatlığının təmin edilməsi məqsədilə səkilər təmir olunub, ümumilikdə 27.000 m² sahəyə asfalt örtüyü çəkilib.
Rayonun yaşıllıq potensialının artırılması və yolətrafı ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində də genişmiqyaslı işlər görülüb. Yolun hər iki tərəfində müxtəlif növ palmalar, bonsaylar, Eldar şamı, kiparis, leyland şamı, xan çinarı və zeytun ağacları olmaqla, ümumilikdə 23.000 ağac əkilib. Eyni zamanda, 40 növdə 117.200 dekorativ ağac və kol, eləcə də 23.300 gül əkilərək ərazilərin yaşıllaşdırılması təmin olunub. Bundan əlavə, 19.800 m² sahədə qazon salınıb.
Yaşıllıqların qorunması və inkişafının təmin edilməsi məqsədilə bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilir, əlavə texnikalardan istifadə edilməklə onların gündəlik suvarılması həyata keçirilir.
Yolun estetik görünüşünün və landşaft ahənginin təmin edilməsi məqsədilə dekorativ landşaft-relyef kompozisiyaları və yaşıl landşaft terrasları yaradılıb. Ağacların dayanıqlığının artırılması üçün 14.000 metr uzunluğunda kabel-troslu anker dayaq sistemi quraşdırılıb, yaşıllıqların küləyin təsirindən qorunması məqsədilə 9.450 ədəd taxta dirək basdırılıb.
Bununla yanaşı, yolkənarı ərazilərin abadlaşdırılması çərçivəsində 35.400 p\m uzunluğunda bordür düzülüb. Ərazilərdə genişmiqyaslı təmizlik işləri aparılıb, məişət tullantıları və tikinti qalıqları təmizlənib. Yolboyu ot və alaq bitkiləri xüsusi texnikaların və işçi qüvvəsinin köməyi ilə biçilərək ərazidən daşınıb.
Abşeron rayonunda həyata keçirilən abadlıq-quruculuq tədbirləri yol infrastrukturunun yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və yaşayış məntəqələrinin daha səliqəli, estetik görkəm almasına xidmət edir. Bu istiqamətdə işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.