📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda evlərin sənədləşdirilməsi işləri niyə gecikir? - DEPUTAT MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARTDI

2022-03-04 15:12:00

Abşeronda evlərin  sənədləşdirilməsi işləri niyə gecikir? - DEPUTAT MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARTDI

Xırdalan sakinləri "Hürriyyət"ə müraciət edərək bildirirlər ki, martın 1-dən etibarən mənzillərin sənədləşdirilməsi ilə bağlı qərar verilib. Lakin martın 4-ü olmasına baxmayaraq sənədləşdirilmə işləri həyata keçirilmir.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Hürriyyətə bildirilib ki, bu işə İcra Hakimiyyəti baxmır. Qurumdan o da qeyd edildi ki, bu işi Əmlak Məsələləri üzrə Dövlət Xidməti həyata keçirir.

Daha sonra Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxslə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, gün ərzində əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi.

Milli Məclisin deputatı Qənirə Paşayeva Parlamentin bu gün keçirilən iclasında sözügedən məsələyə toxunub. O sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı problemin uzun zamandır ki, qalmaqda olduğunu vurğulayıb. Deputat bildirib ki, müvafiq qurumlar ancaq bu problemin həllinə baxdıqlarını deyirlər:

 “Amma ortada heç bir ciddi iş yoxdur. Burada problem nədir? Niyə bu iş uzanır?! Çıxıb açıqlama versinlər. Bununla bağlı sərəncamlar, sənədlər var. Amma problem həll olunmur".

YƏHYA