📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda eyni ərazini müxtəlif şəxslərə satan şəxs haqda SENSASİON ARAŞDIRMA

2021-11-03 13:50:00

Abşeronda eyni ərazini müxtəlif şəxslərə satan şəxs haqda SENSASİON ARAŞDIRMA

Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxs ərazini hissələrə bölərək müxtəlif şəxslərə satır. Bu azmış kimi o, eyni ərazisini 4-5 nəfərə satmaqdan belə çəkinmir.  "Hürriyyət" olaraq sözügedən ərazi ilə bağlı araşdırma aparmaq qərarını gəldi. Məlum oldu ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısının 14.03.2008-ci il tarixli 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Ərazi Yeni Suraxanının inzibati vahidi olsa da, əslində Abşerona rayonununa məxsusdur. Taleh Əliyevdən şikayətçi olan vətəndaşlar iddia edir ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.

Bu hadisədən məlumatlı olduqdan sonra maraqlı suallar ortaya çıxdı. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb?... Ümumiyyətlı, ona ayrılmış 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

O da məlum oldu ki, torpaq sahəslərinin alqı-satqısı Bakı şəhəri 11 saylı notariusda həyata keçirilib. Niyə 11 saylı notarius idarəsi qanunsuz olaraq eyni ərazini dörd-beş şəxsə etibarnamə ilə satılmasına vəsilə olub?

Məsələ ilə bağlı hüquqşünas Bəhruz Bayramov ilə danışdıq. Bəhruz Bayramov deyib ki, eyni ərazi beş nəfərə etibarnamə ilə verilirsə və həmin şəxslərə bunu alqı-satqı kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq əməlidir:

"Pay torpaqları satıla bilər. Çünki xüsusi mülkiyyətdir. Amma İcra hakimiyyətləri tərəfindən pay torpaqları ayrıla bilməz. Torpaq islahatı haqqında qanuna əsasən pay torpaqları müəyyən olunur. Amma bu şəxsin adına isə İcra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. Bu torpaqlar kənd təsərrüfatlı təyinatlı ərazilərdir. Əgər orda fərdi yaşayış evi tikilirsə, bu qanunsuzdur. Orda ev tikmək cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Əgər, torpaq sahəsinin çıxarışı varsa satıla bilər. Torpaq sahəsinin təyinatını dəyişdirmək üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı lazımdır. Digər tərəfdən, etibarnamə ilə satmaq alqı-satqı sayılmır. Etibarnamə sadəcə istifadə üçün verilir. Yəni, torpaq sahəsi ilə bağlı müəyyən səlahiyyətlər verilir. Etibarnamə verə bilər. Amma, eyni ərazini beş nəfərə etibarnamə ilə verirsə və həmin şəxslərə bunu alqı-satqı kimi rəsmişləşdirirlərsə bu özlüyündə dələduzluq cinayətidir".

Əmlak Məsələri üzrə Dövlət Komitəsindən "Hürriyyət"ə deyilib ki, torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Komitədən o da qeyd edilib ki, vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir:

"Ola bilsin ki, vətəndaş hüquqi məsələ ilə bağlı kifayət qədər məlumata malik deyil. Torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Dediyiniz vətəndaşın da bölgü sxemi olmalıdır. Əgər etibarnamə ilə satırsa, bu, dələduzluq ola bilər. Çünki etibarnamə müəyyən müddətə verilir. Bundan əlavə, etibarnamə verən şəxs istədiyi vaxt etibarnaməni ləğv etdirə bilər. Ola bilsin ki, bu şəxs hansısa vətəndaşların hüquqlarının bilməməsindən istifadə edərək, eyni ərazini müxtəlif şəxslərə etibarnamə ilə satıb. Torpağı satan şəxs sabah torpağı etibarnamə ilə veriyi adamın adından çıxardaraq , digər bir şəxsə etibarnamə ilə verə blər. Vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir".

Günlərdir ki, Abşeron rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Görünür ki, rayon İcra hakimiyyətinin rəsmi saytında qeyd edilən əlaqə nömrəsi ya formal xarakter daşıyır, ya da əlaqə telefonlarına cavab verməli olan növbətçi  vəzifəsindən sui-istifadə edərək iş yerində olmur.

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA