Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edildi - Fotolar
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan abşeronlu qəhrəmanların anım və doğum günləri qeyd edilib.
Hurriyyet.net xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilər tərəfindən şəhidlərimiz – Ramil Ağayev, Asif Ataşov, Rufiz Budaqov, Röyal Ələkbərov, Malik Əliyev, Elşad Həsənov, Vüsal Musayev, Şamil Nəcəfov, Daşdəmir Paşayev, İsmayıl Qasımov, Hətəmxan Quliyev, Ülvi Rəhimli, Turqut Xəlilbəylinin ildönümlərində, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Müsibov, Əli Ələkbərov, Hüseyn Həmidzadə və Hüseyn Nəcəfzadənin isə doğum günlərində məzarları ziyarət edilib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Anım günlərində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onlarla görüşüb, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva təşəkkürlərini ifadə ediblər.

















