Adil Əliyev: “Azərbaycan ordusu Xankəndiyə daxil olsaydı...”
“Biz Vətən müharibəsindən sonra nə qədər üzgün olsaq da, bir o qədər qürurluyuq. Müharibədə igidlərimizi şəhid vermişik. Övlad itkisi çox ağırdır, çətindir... Amma bilin ki, övladlarınız şərəfli yolda şəhid olublar. Qələbəmizi bəzi hallarda dərk edə bilmirlər. Biz bunu şəhidlərə, qazilərə borcluyuq. Azərbaycan dövləti son 30 ildə vətənpərvər gənclər yetişdirib. Azərbaycan heç vaxt müharibənin tərəfdarı olmayıb, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çalışıb. Amma düşmən daim danışıqlar masasından qaçırdı, təxribatlar törədirdi. Hətta deyirdilər, Azərbaycanın digər ərazilərini də işğal edəcəklər. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz təxribatı sülhün mümkünsüzlüyünü göstərirdi. Bu da səbr kasasını daşırırdı, dövlətimizin müharibədən başqa yolu yox idi”.
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyev döyüş əmri verib, xalq da silaha sarılaraq torpaqlarını azad edib: “Döyüş meydanında uduzan düşmən mülki insanları hədəf aldı, Gəncəyə, Bərdəyə raket atdı. Bu xalqımızı qorxutmurdu, yalnız “İrəli” deyirdi. Şükür olsun ki, biz işğaldan azad edilən ərazilərə rahat gedə bilirik. Hazırda həmin ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirilir. Qələbəmizə natamam deyənlər bizim düşmənlərimizdir. Xankəndidə ermənilər yaşayır, müharibə vaxtı gözləyirdilər ki, Azərbaycan ordusu şəhərə girsin, mülki insanlarla üz-üzə qalsın. Bununla da Azərbaycan dövlətinin uğuru sıfırlanacaqdı. Bizi sanksiyalarla boğacaqdılar, Suriyaya, Liviyaya, İraqa çevirəcəkdilər. Azərbaycan insanı elə tərbiyə almayıb ki, qadına, uşağa əl qaldırsın. Əsgərimiz evdə erməni uşağına yemək verib... Düşmən isə terrorçudur, bizi fərqləndirən də budur”. \\Pravda.az