📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP “5-ci kolon”la bağlı hakimiyyətə çağırış etdi

2022-01-11 14:30:00

ADP “5-ci kolon”la bağlı hakimiyyətə çağırış etdi

Partiya dünya ictimaiyyətini Qazaxıstanın Rusiya tərəfindən işğal edilməsinə qarşı kəskin mövqe orta qoymağa çağırıb...

Dünən ADP İdarə Heyəti ilin ilk toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub. İdarə Heyəti 2022-ci ilin ilk günlərində sosial tələblərlə başlanan daha sonra isə zorakı müstəviyə keçən Qazaxıstan hadisələri ətrafında geniş müzakirələr aparıb. Müzakirələr zamanı Qazaxıstanda baş verən qanlı hadisələr zamanı öldürülən dinc insanlarla bağlı qazax xalqına başsağlığı ünvanlanıb, yaralananlara tezliklə öz sağlamlıqlarına qovuşmaları arzu edilib.

Müzakirələrdə Qazaxıstanda baş verən hadisələr sosial problemlər fonunda Rusiyanın bu ölkənin işğalı üçün şərait yaratmağa hesablanmış rus kəşfiyyat orqanlarının həyata keçirdiyi bir əməliyyat kimi dəyərləndirilib. İdarə Heyəti bu hadisəni təkcə Qazaxıstana deyil, ilkin mərhələdə digər Orta Asiya Türk dövlətlərinə, Pribaltikaya, Şərqi Avropaya, həmçinin dünyada sülhə, əmən-amanlığa və təhlükəsizliyə böyük təhdid olduğunu nəzərə alaraq bütün dünya ictimaiyyətini Qazaxıstanın Rusiya tərəfindən işğal edilməsinə qarşı kəskin mövqe orta qoymağa çağırıb. ADP bəyan edib ki, əks halda Rusiyanın indiki işğalçı siyasətinin çox ciddi və ağır geopolitik nəticələrə gətirib çıxara bilər.

Müzakirələrdə həmçinin Rusiyanın atdığı bu addımların beynəlxalq bir cinayət olduğu vurğulanıb. Qazaxıstanın hazırkı prezidenti Qasım Comərd Tokayevin ölkə Konstitusiyasına və Qazaxıstanın da üzv olduğu KTMT-nin Nizamnaməsinə zidd olaraq ölkəsinə xarici dövlətlərin hərbi qoşun növlərini dəvət etməsinə diqqət çəkən müzakirə iştirakçıları, onun bu hərəkətləri ilə Rusiya agenti olduğunu, Qazaxıstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdığını bildiriblər.

İdarə Heyəti üzvləri Qazaxıstan hadisələrinin mövcud nəticələrindən çıxış edərək postsovet məkanında korrupsioner rejimlərin saxlanılmasını və həmin hakimiyyətlərdə “5-ci kolon”un təmsil olunmasını potensial olaraq lazım gəldikdə həmin ölkələri işğal etmək üçün Rusiyanın yürütdüyü təhlükəli bir siyasət kimi xarakterizə edib. Bunları nəzərə alaraq İdarə Heyəti Azərbaycan xalqını bu tipli təxribatlara uymamağa, hakimiyyəti isə vaxt itirmədən ölkə və beynəlxalq ictimaiyyətin qəbul edə biləcəyi ciddi və real siyasi və iqtisadi islahatlar həyata keçirməyə, hakimiyyətdə olan “5-ci kolon”u təmizləməyə və nəticələrini Azərbaycan xalqının tanıyacağı parlament seçkilərini keçirməyə çağırıb, əks halda eyni ssenari ilə Rusiyanın Azərbaycana müdaxiləsinin qaçılmaz olacağını qeyd edib.

İdarə Heyəti eyni zamanda rus işğalına müqavimət göstərməyin vacib elementi kimi postsovet məkanında, o cümlədən Türk Dövlətlər Birliyinə daxil olan dövlətlərdə avtoritar rejimlərin demokratik rejimlərlə əvəzlənməsinin, korrupsiyaya qaşı mübarizəni milli müstəqillik və suverenlik məsələsi kimi ortaya qoyub ona qarşı mübarizə aparmağın vacibliyini bildirib.

Hazırladı: KƏNAN