📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP-dən hakimiyyətə ilginc təklif

2022-02-15 10:21:00

ADP-dən hakimiyyətə ilginc təklif

“Antiterror əməliyyatı keçirib, “sülhmərmlılar”ı Qarabağdan çıxarmalıyıq”

Dünən ADP İdarə Heyətinin ölkə gündəminə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Müdafiə Nazirliyində korrupsiya, rüşvət faktları əsasında aparılan əməliyyat nəticəsində yüksək çinli zabitlərin həbs edilməsi məsələsinə münasibət bildirib və dövlətimiz adına utanc gətirən belə bir faktların baş verməsindən təəssüf hissi keçirdiyini qeyd edib. Partiya rəsmiləri orduda korrupsiya və rüşvət faktının olması ilə bağlı zaman-zaman məsələ qaldırılmasına baxmayaraq bu cür halların davam etməsini Müdafiə Nazirliyində kök salmış özbaşınalıq, peşəkar, vicdanlı kadrların əvəzinə işbilməz, hərbi qabiliyyətdən uzaq, başqa ölkələrin mənafeyinə xidmət edən himayəçi kadrların yerləşdirilməsində, ordu üzərində ictimai nəzarətin təmin edilməməsində olduğunu diqqətə çatdırıb və hakimiyyəti bu istiqamətdə daha radikal addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Qarabağda qondarma rejimin rəhbərlərinin aktivləşməsi, referendum cəhdləri, guya bu ərazilərin Azərbaycan tərəfindən “işğal” edilməsini bəhanə gətirərək, qondarma parlamentlərində işğalla bağlı qanun layihəsini gündəmə çıxarmaq kimi cəhdləri və barış missiyasını üzərinə götürən rus sülhməramlılarının bu barədə heç bir ciddi tədbir görməməsini müzakirə edib. Partiya rəsmiləri bu cür cəhdlərin qarşısının alınması üçün hakimiyyətin daha ciddi addımlar atması, rus “sülhməramlıları”na öz vəzifələrini bir daha xatırlatması, nəticə vermədiyi halda antiterror əməliyyatları keçirməyin, “sülhmərmlı” qüvvələrin ərazilərmizdən çıxarılması istiqamətində səylərin artırılmasını vacib hesab edib.

İdarə Heyəti Ukrayna ətrafında hadisələrin getdikcə gərginləşməsindən, Rusiyanın bu ölkəyə hərbi müdaxilə cəhdlərini həyata keçirmək üçün fəallaşmasından ciddi narahat olduğunu bildirib və bu gərginliyin təkcə regoionda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxarmasını yolverilməz hesab edib. Partiya rəsmiləri bütün dünya güclərini Rusiyanın imperiya ambisiyasından doğan bu cəhdlərin qarşısını almağa, onun MDB ölkərləri üzərində təsir gücünü artırmaq istəklərini əngəlləməyə çağırıb.

İdarə Heyəti son vaxtlar SOCAR-da baş verən kadr dəyişikliklərinə münasibət bildirib və qeyd edilib ki, bu cür kadr dəyişiklikəri adı çəkilən strukturda heç bir müsbət dəyişiklik yarada bilməz və neft şirkətinin prezidentinin iqtisadiyyat nazirinin müavini vəzifəsinə gətirilməsi əvəzinə onun SOCAR-dakı fəaliyyətinin araşdırılması daha vacibdir.

İdarə Heyəti son vaxtlar Qafqaz Müsəlmanları İdarəsi ətrafında səslənən fikirlərə, bu qurumun qalıb-qalmaması məsələsinə münasibət bildirib və hesab edib ki, Rusiyanın ölkəmizə təsir gücünün artırılmasına xidmət edən belə bir qurumun fəaliyyətinə ehyiyac yoxdur və bu qurum bütövlükdə ləğv edilməlidir.

İdarə Heyəti “Tərtər işi" üzrə baş verən cinayət faktlarını fəal şəkildə ictimailəşdirən, zərərçəkmişlərin, işgəncələrə məruz qalmış əsgərlərin, zabitlərin və onların ailələrinin hüquqlarını müdafiə edən hüquqşünas İlham Aslanoğlu (Təhməzov) böhtan ittihamı ilə 5 ay müddətinə həbs edilməsi faktını qətiyyətlə pisləyib və hakimiyyəti onun azad edilməsi üçün müvafiq addımlar atmağa çağırıb.

 

Hazırladı: KƏNAN