📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP-dən Putinin açıqlamasına sərt reaksiya

2021-11-23 14:40:00

ADP-dən Putinin açıqlamasına sərt reaksiya

Partiya hakimiyyəti Rusiyanın regiondakı təkbaşına hegemonluq siyasətini önləyən, başda qardaş Türkiyə olmaqla, strateji hədəflərimiz üst-üstə düşən dövlətlərin bigə səyi ilə neytrallaşdırıcı addımlar atmağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə gündəminə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, tolantı iştirakçıları son günlər Azərbaycan Ermənistan sərhəddinin Kəlbəcər, Laçın və digər istiqamətlərdə erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan zabit və əskərlərimizin doğmalarına dərin hüznlə baş sağlığı ifadə edib.

Qeyd olunub ki, baş verən bu təxribatların arxasında ikinci Qarabağ savaşının məğlubiyyət acısını yaşayan və ordumuzun onlar üzərində parlaq qələbəsini həzm edə bilməyən Ermənistan hakimiyyətinin qisasçılıq hisslərinin və təcavüzkar Ermənistanın hərəkətlərinə bəraət qazandırmaq istəyən böyük güclərin məkrli siyasəti durur. Kapitulyasiya aktına imza atmasına baxmayaraq, üçtərəfli sazişin sərhədlərin delimitasiya və demorkasiyası, Zəngəzur dəhlizinin açılması, erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması kimi şərtləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan yetkililəri Qərb və Rusiya arasında manevr etməklə gözlənilən yekun sazişdən boyun qaçırmaq, vaxt əldə edib yeni təxribatlar törətmək xəttini davam etdirir. Lakin başını itirmiş düşmən hər növbəti təxribat cəhdində müzəffər ordumuzun hərbi qüdrəti qarşısında alçaldıcı zərbə alır və onun bütün cəhdləri hərbi uğursuzluqla yanaşı mühüm strateji postlarının itirilməsi ilə nəticələnir.

İdarə Heyəti hərbi uğurlar əldə edən ordumuzun əsgər və zabitlərini əldə etdikləri üstünlükləri qorumağa, düşmənin bütün məkrli hücumlarına qarşı ayıq-sayıq olmağa, ermənilərdən fərqli olaraq, əsirlərlə beynəlxalq hüquq qaydalarına uyğun davranış sərgiləməyə çağrış etməklə yanaşı, hərbçilərmizin emosionallıqdan irəli gələn rəftarına görə onlara qarşı sərt hüquqi addımların da tərəfdarı olmadığını bildirib.

İdarə Heyəti Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələrinin dekabrın 15-də keçiriləcək sammitində ölkə başçısının Ermənistan baş naziri ilə keçirəcəyi görüşlə bağlı müzakirə aparıb və bu cür görüşlərin Azərbaycanın haqq davasının iştirakçı dövlətlərə çatdırılması, dünənə qədər Azərbaycana təslimçi sülh təklifləri edən güclərin əldə edilmiş hərbi siyasi, diplomatik uğurlarımız fonunda yeni şəkilləşən geosiyasi diktələr etməsi baxımından faydalı olduğunu qeyd edib, Avropa Birliyinin imkanlarının strateji hədəhlərimizə uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi F.Təhməzovun hökumətimiz adından insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 16 saylı protokoluna imza atmasının iştirakçı dövlətlərin ali məhkəmələri ilə Avropa Məhkəməsi arasında yeni dialoqun qurulması baxımından faydalı olduğunu diqqətə çatdırıb və hakimiyyəti bu ya digər aktlarla üzərinə götürdüyü beynəlxalq öhdəliklərin tələblərini vicdanla yerinə yetirilməsi üçün effektli addımlar atmağa çağırıb.

İdarə Heyəti Rusiya Federasiyaının prezidenti V.Putinin sərhədlərimizdə baş verən son insidentlərlə bağlı rus sülhməramlı kontingentin Qarabağ ərazisində saxlanılmasının vacibliyi bağlı verdiyi açıqlamanın arxasında onun Cənubi Qafqazda şəriksiz hökmranlıq etmək iddiasından irəli gəldiyini, sülhməramlı qüvvələrin üçtərəfli sazişdə nəzərdə tutulduğu missiyasından kənara çıxaraq, ərazilərmizdə qalıcı olmasına siyasi işarə verdiyini çox təhlükəli bəyanat kimi dəyərləndirib və hakimiyyəti Rusiyanın regiondakı təkbaşına hegemonluq siyasətini önləyən, başda qardaş Türkiyə olmaqla strateji hədəflərimiz üst-üstə düşən dövlətlərin bigə səyi ilə neytrallaşdırıcı addımlar atmağa çağırıb.

Hazırladı: KƏNAN