ADP hakimiyyətə çağırış etdi
“Laçın dəhlizində təcili sərhəd keçid məntəqəsi yaradılmalıdır”
Dünən ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictima-siyasi məsələlərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya Federasiyasının NATO və ABŞ-a təqdim etdiyi regional təhlükəsizliyə dair razılaşma barədə təqdim etdiyi sənəd ətrafında müzakirələr aparıb. Partiya yetkililəri NATO-nun Ukraynada, Qafqazda və Mərkəzi Asiyaya doğru genişlənməsinin qarşısını almağa yönəlik Rusiyanın bu təhdidedici sənədini müstəqil ölkələrin beynəlxalq hüquqla müəyyənləşən öz müqəddaratını təyinetmə, suveren hüquqlarının əleyhinə yönəlik bir addım kimi dəyərləndirib və dünya xalqlarını imperialist Rusiyasının işğalçılıq siyasətini önləmək, azad ölkələrin hərbi alyanslara inteqrasiya edilməsi hüquqlarının qorunmasını müdafə etmək üçün səylərini birləşdirməyə çağırıb.
İdarə Heyəti Fransa prezidentliyə namizədinin Azərbaycanın yurisdiksiyasına daxil olan Xankəndi iqtisadi zonasına qeyri-qanuni səfərini qətiyyətlə pisləyib və hakimiyyətin həmin şəxsi ölkəmiz üçün arzuolunmaz şəxs elan etməsini təqdir edib. Partiya rəsmiləri bu cür addımların Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələrə zərbə vurduğunu qeyd etməklə, həmin şəxsin “rus sülhməramlıları”nın nəzarət etdiyi Laçın dəhlizindən rahat şəkildə ərazilərimizə daxil olmasını Rusiyanın üçtərəfli razılaşmada üzərinə götürdüyü öhdəliklərin pozulması, separatizmin dolayı yolla müdafiə edilməsi faktı kimi dəyərləndirib və hakimiyyəti Laçın dəhlizində sərhəd keçid məntəqəsinin yaradılması üçün təcili addımlar atmağa çağırıb.
İdarə Heyəti Ermənistan baş naziri N.Paşinyanın onlayın qaydada keçirdiyi video konfrans zamanı Qarabağın Azərbaycana məxsus olması, burada yaşayan əhalinin təkcə ermənilərdən ibarət olmaması barədə bəyanatlarını onun 44 günlük müharibədən sonra məğlub vəziyyətə düşmüş Ermənistanın hazırkı şəraitdə yeganə çıxış yolu olması barədə düzgün qənaətə gəlməsini göstərən fakt kimi dəyərləndirib və hakimiyyəti qondarma Qarabağ rejimi separatçılarına qarşı ciddi mübarizə aparmağa çağırıb.
İdarə Heyəti pensiyaların, əməkhaqlarının artırılması ilə bağlı prezident fərmanını təqdir edib, lakin infilyasiya artımı, qiymətlərin durmadan artması şəraitində bu dəyişikliyin ekvivalent olmadığını bildirib, uşaqpullarının verilməməsi ilə bağlı vəziyyətin eyni halda qalmasını məqbul hesab etməyib və hakimiyyəti əhalinin sosial-iqtisadi güzəranının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti Media haqqında yeni qanun layihəsinin müzakirələrinin dayandırılaraq komitələrdə yenidən baxılması məsələsini təqdir edib və hakimiyyəti mürtəce mahiyyətli, jurnalist sərbəstliyini məhdudlaşdıran, qoyulan qadağalarla xaricdən idarə olunan medianın əl-qolunu açan bu qanun layihəsinin daha geniş informasiya azadlığı vəd edən qanunla əvəzlənməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti bir sıra hakimiyyətyönlü şəxslərin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərindən sonra iqtisadi inkişafı sürətləndirmək məqsədi ilə Qarabağ ərazisində kazinoların yaradılması kimi milli və dini ənənələrimizə zidd olan təklifləri qətiyyətlə pisləyib, bu yöndə atılacaq vacib addımlar sırasında beynəlxalq turizmin ən yüksək səviyyədə təmin edilməsi olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti VİP sədri Əli Əliyev barədə başladılan məhkəmə işini qətiyyətlə pisləyib və hakimiyyəti öz opponentlərin, müxalif siyasi partiya rəhbərlərinə qarşı bu cür qeyri-siyasi metodlardan istifadə edərək zərbə vurmaq ənənəsindən geri durmağa çağırıb.
Hazırladı: KƏNAN