ADP hakimiyyətə çağırış etdi
“Cavanşir Feyziyevin əməllərinə hüquq qiymət verilməlidir”
“İdarə Heyəti son vaxtlar dövlət məmurlarının, parlamentdə təmsil olunan millət vəkillərinin ölkədən əyri yollarla küllü miqdarda vəsaitlər çıxarmasından, bu vəsaitlərin xarici banklara oturdulmasından, tutduğu dövlət vəzifələrinin ziddinə bir sıra sahələri monopoliyaya götürməsindən ciddi narahat olduğunu qeyd edib...”
Dünən ADP İdarə Heyətinin ölkənin ictimai-siyasi həyatının müzakirəsinə aid növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə rus sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə separatizmin, terrorçu qüvvələrin qarşısının alınmamasından, əksinə Kəlbəcər və digər istiqamətlərdə hərəkət edən yük maşınlarının erməni polisləri tərəfindən yoxlanılması, dinc əhaliyə qarşı atəş açılması kimi özbaşınalıqların yeni vüsət almasından ciddi narahat olduğunu bildirib. 10 noyabr üçtərəfli sazişin tələblərinin kobud şəkildə pozulmasını diqqətə çəkən partiya yetkililəri bu hallar davam etdiyi halda rus sülhməramlılarının ərazilərimizdən çıxarılmasını, ordumuzun insidentlərin baş verdiyi məkanlarda antiterror əməliyyatları keçirməsinin vacibliyini bir daha hakimiyyətin diqqətinə çatdırıb.
İdarə Heyəti son vaxtlar dövlət məmurlarının, parlamentdə təmsil olunan millət vəkillərinin ölkədən əyri yollarla küllü miqdarda vəsaitlər çıxarmasından, bu vəsaitlərin xarici banklara oturdulmasından, tutduğu dövlət vəzifələrinin ziddinə bir sıra sahələri monopoliyaya götürməsindən ciddi narahat olduğunu qeyd edib və hakimiyyəti ölkənin iqtisadi inkişafını əngəlləyən, iqtisadi sabotajla məşğul olan bu cür şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə səsləyib, onların bu qeyri-qanuni fəaliyyəti üzərində ciddi nəzarət mexanizmləri tətbiq etməyə, ölkədən çıxarılan valyuta üzərində məhdudiyyətlər qoymağa çağırıb.
İdarə Heyəti Şuşa bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentlərində təsdiq edilməsini təqdir edib və bu faktın iki ölkə arasında konfederativ əlaqələrin yaradılmsı istiqamətində mühüm addım kimi dəyərləndirib. Şuşa bəyannaməsinin parlamentar səviyyədə təsdiqinin bundan sonra bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacağına inamını ifadə edən partiya rəsmiləri bu aktın eyni zamanda hərbi siyasi qüvvələrimizin bir araya gətirilməsi, hər iki ölkə üçün gözlənilən təhdidlərin qarşısının alınması, beynəlxalq aləmdə siyasi güclərə qarşı birgə fəaliyyət göstərilməsi baxımından da əhəmiyyət daşıdığını diqqətə çatdırıb və hakimiyyəti qardaş Türkiyə ilə əlaqələrin bütün sferalar üzrə təmin edilməsi üçün praktik addımlar atmağa çağırıb.
İdarə Heyəti prezidentin ayrı-ayrı rayonlara səfərləri zamanı icra başçılarının sovet dönəmindən qalan ənənələrlə qarşılanması, dövlət başçısının keçəcəyi yerlərdə yaşıllaşdırma, yol təmiri işləri aparması kimi mövsümi tədbirlərə əl atmasını dövlət idarəçiliyi üçün məqbul hesab etməyib və bu cəhdlərin arxasında onların xalqa xidmət etməsi deyil, öz karyeralarını qurmaq, rüşvət və korrupsiya əməllərinin ört-basdır edilməsi faktının durduğunu bildirib.
İdarə Heyəti Avropa Birliyinin Azərbaycanda sərmayə qoyuluşunu nəzərdə tutan 2 milyard vəsait ayırmasının iqtisadi yönümünü diqqətə alaraq bu vəsaitin sərf olunmasında şəffaflığın təmin edilməsinin, öz təyinatı üzrə xərclənməsinin, iqtisadi inkişafın dirçəldilməsi istiqamətləndirilməsinin vacibliyini bildirib və hakimiyyəti AB ilə təkcə iqtisadi deyil, insan haqları, demokratiya, siyasi plüralizm, məhkəmə sisteminin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi, mətbuat və söz azadlığı istiqamətində də əməkdaşlığı davam etdirməyə çağırıb.
İdarə Heyəti deputat Cavanşir Feyziyevin ölkənin mətbu orqanlarını, tanınmış jurnalistləri hədəfə alan, onların ünvanına təhqiramiz ifadələr səsləndirməsini qətiyyətlə pisləyib və hakimiyyət orqanlarını onun parlament təmsilçiliyinə yaraşmayan bu hərbə-zorbasına hüquqi qiymət verməyə çağırıb.
Hazırladı: KƏNAN