ADP İranda yaşanan bayraq qalmaqalına etiraz etdi
Partiya dövlət rəsmilərini bu cür görüşlərdə məsuliyyətli olmağa çağırdı
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti son vaxtlar Rusiyanın rəsmi dairələri tərəfindən Türkiyə və Azərbaycan əleyhinə provakasiyon və təhdidedici bəyanatların səsləndirilməsindən, V.Jirinovski kimi qeyri-ciddi fiqurların dili ilə Rusiyanın imperiya ambisiyalarının dilə gətirilməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu təhdidlərə qarşı adekvat addımlar atmağa çağırıb.
İdarə Heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın İrana rəsmi səfəri zamanı adıçəkilən ölkənin yeni prezidenti ilə görüşdə Azərbaycan bayrağının protokola zidd olaraq təqdim edilməməsindən, eyni zamanda parlament sədrinin bu məsələyə etiraz etməməsindən narahatçılığını ifadə edib və bu tipli xoşagəlməz hallara dəfələrlə adıçəkilən dövlət tərəfindən yol verilməsini nəzərə alaraq, hakimiyyəti dövlət rəsmilərimizin bu cür görüşlərdə məsuliyyətli olmasının vacibliyini nəzərə almağa çağırıb.
İdarə Heyəti son vaxtlar Ermənistan rəsmilərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli razılaşmalara zidd mövqe nümayiş etdirməsini, rus sülhməramlılarının Azərbaycan Ermənistan sərhəddində yerləşdirilməyəcəyi təqdirdə üzünü Qərbə tutacağı ilə bağlı şantaj xarakterli cəhdlərini əldə edilmiş razılaşmaların müddəalarına zidd olduğunu bildirib və hakimiyyəti Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Laçın dəhlizinin bağlanması istiqamətində ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti bir daha rus sülhməramlılarının üzərinə düşən vəzifələri yerinə yetirməməsi, bu qoşunların BMT-nin mandatı altında deyil, yalnız Rusiyanın dövlət manafeyinə uyğun hərəkət etməsindən ciddi narahat olduğunu qeyd edib və sülhməramlıların BMT nizamnaməsinə uyğun hərəkət etmədiyi halda ölkə ərazisindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Türkiyənin bir çox əyalətlərində düşmən qüvvələr tərəfindən törədilən yanğınlarda dövlətimizin yaxından iştirakını, qardaş ölkəyə böyük kontingentdən ibarət yanğınsöndürən dəstələrin, təyyarə və helikopterlərin cəlb edilməsini təqdir edib və fədakarlğın arxasında bir millət iki dövlət prinsipinin durduğunu qeyd edib.
İdarə Heyəti Milli Məclisin deputatı E.Səlimovla polis arasında yaranan insidentin nəticəsi olaraq onun deputat toxunulmazlığından məhrum edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi faktına münasibət bildirib. Partya yetkililəri bu faktın arxasında seçki saxtakarlığı ilə layiq olmayan şəxslərin deputat kürsüsünə gətirilməsi və onların ölkə qanunlarına sayğısız münasibəti durduğunu qeyd edib, eyni zamanda hakimiyyət orqanları tərəfindən məlum insidentlə əlaqədar olaraq polis əməkdaşının da hərəkətləri ilə bağlı ciddi araşdırma aparılmasının, bu işin əvvəldən təşkil olunub-olunmaması ilə əlaqədar şəffaflığı təmin edən təhqiqatlar həyata keçirmək üçün müvafiq addımlar atılmasının vacibliyini bildirilib.
İdarə Heyəti son vaxtlar, xüsusilə də 44 günlük savaşda əldə edilən zəfərdən sonra ölkə yönətiminin xalqın gözləntilərinə cavab vermədiyini, qələbə faktorunu əldə dəstəvuz edərək ölkədə yaşanan sosial-iqtisadi problemlərin, işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün ciddi addımlar atmadığını bildirib və hakimiyyəti eyforiyaya qapılmamağa, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi səylər göstərməyə, işsizliyə, səfalətə qarşı tədbirlər görməyə səsləyib.
Hazırladı: KƏNAN