📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP ölkə başçısını status məsələsində güzəştə getməməyə çağırdı

2021-10-12 10:55:00

ADP ölkə başçısını status məsələsində güzəştə getməməyə çağırdı

Partiya hakimiyyəti İranın ölkəmizdəki emissarlarına qarşı ciddi tədbirlər görməsini vacib olduğunu diqqətə çatdırıb

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərin müzakirəsinə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə Türkiyə, Azərbaycan və Gürcüstan respublikalarının Gürcüstanda keçirilən birgə hərbi təlimlərin nəticələrinə münasibət bildirib. İdarə Heyəti bu təlimlərin hazırkı şəraitdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, regionda sabitliyin pozulması istəyində olan xarici güclərə qarşı vahid hərbi güc nümayiş etdirməsi baxımından faydalı olduğunu qeyd edib və bu əlaqələrin daha geniş sferada davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti bir il öncə təcavüzkar Ermənistanın Gəncədə dinc əhaliyə qarşı törətdiyi terror faktını, mülki əhalinin beynəlxalq razılaşmada nəzərdə tutulmayan raketlərlə ataşə tutmasını, çoxlu sayda insanın həlak olması və yaralanmasını, onlarla yaşayış binasının yerlə yeksan edilməsinə bir daha diqqət çəkib və beynəlxalq ictimaiyyəti erməni vəhşiliklərini yaxından izləməyə çağırıb. Partiya yetkililəri bu hadisələrin baş verdiyi zaman bir çox dövlətlərin mülki əhalimizə qarşı törədilən terrorla bağlı susqunluq nümayiş etdirməsini, təcavüzkarın beynəlxalq səviyyədə yerində oturdulması üçün heç bir praktik addım atmamasını, onların insan haqlarına qarşı sayğısızlığı, laqeyd münasibəti kimi dəyərləndirib və hakimiyyəti Ermənistanı bu əməllərinə görə beynəlxalq məhkəməyə verilməsi üçün ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar yüksək məqamlı yetkililərin korrupsiya, xarici ölkələrdəki ofşor fəaliyyəti ilə bağlı bir sıra materialların dərc edilməsi faktinın yenidən gündəmə gətirilməsinə baxmayaraq hakimiyyətin bu faktlara adekvat reaksiya verməməsindən narahat olduğunu, bu cür faktların ölkəmizin nüfuzuna ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Eyni zamanda bu faktların məhz Ermənistan üzərində əldə edilmiş həlledici qələbədən sonra bir sıra erməni himayəçi dövlətlərin Dağlıq Qarabağın statusuna yenidən baxılması məsələsini gündəmə gətirdiyi bir vaxtda ölkəmizə qarşı təzyiq vasitəsi ola biləcəyini diqqətə çəkən partiya yetkililəri ölkə başçısını status məsələsində heç bir güzəştə getməməyə, göztərilən təzyiqlərə xalq gücünə arxalanaraq sinə gərməyə çağırıb.

İdarə Heyəti son vaxtlar İranla Azərbaycan arasında yaranmış gərginliklərdən ciddi narahat olduğunu, bu gərginliyin hər iki ölkənin qarşılıqlı əlaqlərinə mənfi təsir göstərdiyini bildirb və İranla dinc qonşuluq münasibətlərinin əvvəlki qaydada davam etməsinin tərafdarı olduğunu ifadə edib. Həmçinin, İranın yüksək çinli rəhbərlərinin ölkəmizə qarşı təhdidlə danışması, sərhədlərimizdə hərbi təlimlər adı ilə əzələ nümayiş etdirməsi, Azərbaycana qarşı guya ərazisində terror təşkilatlarını müdafiə etməsi kimi cəfəng iddialarla ittihamlar irəli sürməsini qətiyyətlə rədd edib və hakimiyyəti ölkəmiz ərazisində din pərdəsi adı altında məkrli siyasət yürüdən istənilən ölkənin emissarlarına qarşı ciddi tədbirlər görməyə, onların bu və ya digər formada fəaliyyətini məhdudlaşdıran təhlükəsizlik tədbirləri görməyə çağırıb.

 

Hazırladı: KƏNAN