ADP qiymət artıməna etiraz etdi
Partiya əhalinin sosial-iqtisadi vəziyyətinin ağır olduğu bir vaxtda qiymətlərin artırılmasını hakimiyyətin yanlış iqtisadi siyasəti kimi dəyərləndirir
Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə ötən həftə qazın və elektik enerjisinin bahalaşması ilə bağlı Taarif Şurasının qərarına münasibət bildirib. İdarə Heyəti əhalinin sosial-iqtisadi vəziyyətinin ağır olduğu, zəruri istehlak mallarının qiymətinin durmadan artdığı bir vaxtda vətəndaşlarımızın kiçik ailə büdcəsini nəzərə almadan, belə qərarın verilməsini hakimiyyətin yanlış iqtisadi siyasəti kimi dəyərləndirib və bunun müqabilində növbəti ildən artırılması nəzərdə tutulan pensiya və əməkhaqlarının məhz qiymət artımının başladığı tarixdən hesablanmasının vacibliyini hakimiyyətin diqqətinə çatdırıb.
İdarə Heyəti Türkiyə prezidenti T.Ərdoğanın Füzuli rayonunda açılması nəzərdə tutulan beynəlxalq hava limanının açılışında iştirak etmək məqsədi ilə Azərbaycana gözlənilən səfərini təqdir edib və ölkələrimiz arasında intensiv xarakter alan ikili səfərlərin qardaşlıq, dostluq və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə olacağına inamını ifadə edib.
İdarə Heyəti ölkə başçısının Türkiyə ilə strateji əməkdaşlığın, hərbi siyasi əlaqələrin vacibliyinə xüsusi önəm verdiyi bir vaxtda, hakim YAP-ın parlament partiyaları ilə təşkil etdiyi toplantıda bəzi partiya sədrlərinin bu əməkdaşlığa kölgə salan, Türkiyədən daha çox Rusiya ilə əlaqələrə önəm verilməsinin vacibliyini cəmiyyətə təqdim edən təslimçi çıxışlarını qətiyyətlə rədd edib və iki qardaş ölkənin əleyhinə yönələn bu cür çıxışların yolverilməz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Dövlət Neft Şirkəti tərəfindən illər ərzində bir sıra xarici ölkələrə külli miqdarda investisiya qoyuluşu, bu sərmayələrin ölkəmiz üçün hansı iqtisadi çıxarların olması ilə bağlı hakimiyyətin vaxtaşırı olaraq əhaliyə məlumat verməməsini məqbul hesab etməyib və onu investisiyaların taleyi ilə bağlı şəffaflığı təmin etməyə çağırıb.
ADP İdarə Heyəti istər kəskin qiymət artımı, istərsə də hakimiyyətin yanlış iqtisadi siyasəti nəticəsində əhalimizin sosial vəziyyətinin daha da ağırlaşması fonunda vətəndaşların başqa ölkələrə, xüsusilə də Rusiya Federasiyasına köç etməsinin demoqrafik proseslərə ciddi zərbə vurmasından narahat olduğunu bildirib və hakimiyyəti bu qorxulu prosesin qarşısını almaq, vətəndaşların həyat tərzinin, iqtisadi güzəranının yaxşılaşdırılması, fəal işçi qüvvəsinin ölkənin iqtisadi resurslarının dirçəldilməsi istiqamətinə yönəldilməsi üçün ciddi, təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar qonşu İran dövləti yetkilərinin ölkəmizə qarşı təhdidedici çıxışlarından, Azərbaycanın suveren hüquqlarını gözardı etməsindən dolayı iki ölkə arasında yaranmış gərginliklərin adı çəkilən ölkənin bu qarşıdurmadan geri durmağı özündə ehtiva edən atdığı addımlardan sonra münasibətlərin normal məcraya düşməsindən məmnun olduğunu ifadə edib və İran-Azərbaycan əlaqlərində Güneydə yaşayan soydaşlarımızın insan hüquq və azadlıqlarının prioritet olaraq nəzərə alınmasını onların diqqətinə çatdırıb.
Hazırladı: KƏNAN