📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP Sahil Babayevə etiraz etdi

2021-12-21 10:38:00

ADP Sahil Babayevə etiraz etdi

Partiya nazirini uşaqpulunun verilməməsinə haqq qazandıran açıqlamasını qəbuledilməz hesab edir

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmin gündəminə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasaən, toplantı iştirakçıları ilk növbədə ölkə prezidentinin Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirakını və Brüssel səfəri çərçivəsində keçirdiyi görüşlərin nəticələrinə münasibət bildirib.

Patiya yetkililəri bu görüşün Soçi və ondan əvvəlki görüşlərdə əldə edilmiş razılaşmaların davamı olduğunu qeyd edib və bu görüşü Qərbin və Avropanın Cənubi Qafqazda itirilmiş nüfuzunun bərpa edilməsi cəhdi kimi dəyərləndirib. Eyni zamanda Şərq Tərəfdaşlığı proqramına daxil olan digər ölkələrdən fərqli olaraq (Belarus istisna olmaqla) ölkəmizin hələ də bu qurumun assosiativ üzvlük haqqında sənədinə imza atmamasını xarici siyasətimizin Avroatlantik məkana inteqrasiya olunması kursu ilə bağlı götürüdüyü vəzifələrdən kənarlaşması, Azərbaycanın Avropa dəyərlərindən uzaqlaşaraq imperialist iddialı Rusiyanın təsir dairəsinə düşmə ehtimalını artırır. Partiya rəsmiləri bu sammitdə Belarusda insan haqlarının pozulması ilə bağlı qəbul edilən sənəddə dövlət başçısının Belarusun yanında yer almasını məqbul hesab etməyib və hakimiyyəti Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ üzvlük haqqında sənədinə imza atmağa tələsməyə çağırıb.

İdarə Heyəti bu sammit çərçivəsində ölkə başçısının NATO-nun Baş katibi ilə keçirdiyi təkbətək görüşdə Azərbaycanın alyansla əlaqələrinin bundan sonra da davam etməsi, bir çox məsələlərdə qarşılıqlı addımlar atması barədə səsləndirdiyi bəyanatı təqdir edib.

İdarə Heyəti Sammitdə Avropa yetkililəri tərəfindən Azərbaycan və Ermənistan arasında iqtisadi, nəqliyyat əlaqələrinin açılması, Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi barədə qaldırılan məsələlər zamanı ölkə başçısının Zəngəzur və Laçin dəhlizinin eyni hüquqi statusa malik olması ilə bağlı səsləndirdiyi fikirləri hazirkı şərait üçün məqbul hesab etməyib və iki ölkə arasında yekun sülh  razılaşmaları əldə olunmadan, Ermənistan camiyyəsinin revanşist mövqeyini dəyişib, təklif olunan sülh şərtlərini qəbul etmədən bu əlaqələrin açılmasını məqsədə uyğun hesab etməyib.

İdarə Heyəti Tərtər işi ilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupunun yaradılacağı ilə bağlı rəsmi məlumatını təqdir edib və bu komissiyanın işinin şəffaf, obyektiv aparılması üçün ictimai nəzarətin təmin edilməsini təklif edib.

İdarə Heyəti hakimiyyətin həbsdə olan Saleh Rüstəmlinin aclığı dayandırdığı halda haqqında tezliklə müsbət qərar qəbul edilməsinə zəmanət verməsini müsbət dəyərləndirib və ölkə başçısını milli həmrəylik naminə digər siyasi məhbuslar barədə də humanist addım atmağa, onların azad edilməsi üçün alicənablıq göstərməyə çağırıb.

İdarə Heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsinə haqq qazandıracaq məqsədilə xalqın sosial durumuna zidd olaraq verdiyi açıqlamanı qəbuledilməz hesab edib və bu cür bəyanatların ölkə əhalisinin demoqrafik vəziyyətinə, fiziki sağlamlığına uyğun gəlmədiyini, Konstitusiyamızla və Uşaq hüquqları Konvensiyasına zidd olduğunu bildirib.

İdarə Heyəti sonda Milli Məclisdə boş qalan yerlərə gələn il keçirilməsi nəzərdə tutulan təkrar seçkilərlə bağlı da ilkin olaraq müzakirələr aparıb.

Hazırladı: KƏNAN