ADP “Tərtər cinayətləri” ilə bağlı hakimiyyətə çağırış etdi
Partiya baş verənlərin obyektiv və hərtərəfli araşdırılması üçün milli istintaq komissiyası yaradılmasını təklif edir
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, müzakirələrdə ötən həftə Soçidə keçirilən Ərdoğan-Putin görüşü ətrafında fikir mübadiləsi aparılıb. ADP İdarə Heyəti bu görüşün qanunsuz olaraq Azərbaycan ərazisində yerləşən rus qoşunlarının çıxarılmasına, həmin ərazilərdə tezliklə ölkəmizin suverenliyinin təmin olunmasına və bölgə dövlətlərinin əmin-amanlığına töhvə verəcəyinə ümid etdiyini bildirib.
ADP İdarə Heyəti Azərbaycanla qonşu İran dövləti arasında son zamanlar yaşanan siyasi və diplomatik gərginlikləri bir daha müzakirə edib. Müzakirələrdə İran hökumətinin 44 günlük müharibədən sonra meydana gələn geosiyasi reallıqlarla barışmasının və beynəlxalq hüquq normalarına görə İranın Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməzliyi vurğulanıb. Qeyd edilib ki, İran rəhbərliyinin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar bəhanələrdən ibarətdir, Azərbaycanda heç bir sionizm təzahürləri və terror ünsürləri yoxdur, bu bəhanələr İranın ermənipərəst siyasətinə haqq qazandırmaq üçün əsassız arqumentlərdən başqa bir şey deyildir.
“İranın Azərbaycana qarşı təhdidləri və ittihamları mənasızdır”
İranın Azərbaycana qarşı təhdidlərini və ittihamlarını mənasız hesab edən ADP İdarə Heyəti bildirib ki, Azərbaycan xalqı özünün ərazilərini qorumaq iqtidarındadır və istənilən xarici müdaxiləyə qarşı Azərbaycan xalqı və dövləti bir yerdədir.
İdarə Heyəti ordumuzun istənilən xarici müdaxiləyə hazır olması üçün Azərbaycan hakimiyyətini ordunun daha da gücləndirilməsi istiqamətində addımlar atmağa çağırıb. ADP İdarə Heyəti eyni zamanda bildirib ki, cənublu soydaşlarımızın maraqlarını nəzərə alınmaqla İranla qarşılıqlı əməkdaşlığın, dostluğun və iki ölkə arasında olan anlaşılmazlıqların və problemlərin diplomatik yolla həll edilməsindinin tərəfdarıdır.
İdarə Heyəti son zamanlar Qarabağda yerləşmiş Rusiya ordusunun “sülhməramlı” qüvvələrinin məsuliyyət zonalarının genişləndirilməsi məsələsini də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, zaman keçdikcə Rusiya “sülhməramlı” qüvvələrinin məsuliyyət zonası kiçilməli olduğu halda, əksinə, məsuliyyət zonalarının genişləndirilməsi onu deməyə əsas verir ki, onlar üzərinə düşən məsuliyyətin öhdəsindən gələ bilmirlər. İdarə Heyəti baş verənləri rus ordusu tərəfindən işğalın genişləndirilməsi faktı kimi dəyərləndirib və bir daha Rusiya “sülhməramlı”larının vaxt itirmədən Azərbaycandan çıxarılmasının vacibliyini bildirib.
“Avropa Şurasının Azərbaycana irad tutmaq haqqı yoxdur”
ADP İdarə Heyəti ötən həftə Avropa Şurası Parlament Assambleyasının “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı qəbul etdiyi qətnaməni də müzakirə edib. Həmin qətnamədə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi faktına münasibəti qərəzli hesab edən müzakirə iştirakçıları bildirib ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində 30 ilə yaxın bir müddətdə danışıqlar aparmış, Ermənistan yeni müharibə və yeni torpaqlar iddiasını irəli sürdükdən sonra, ölkəmiz beynəlxalq hüquq nörmalarını əsas tutaraq öz ərazilərini işğaldan azad etmişdir. Bu baxımdan, Avropa Şurasının bununla bağlı Azərbaycana hər hansı bir irad tutmaq haqqı yoxdur.
““Tərtər cinayətləri” hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır”
ADP İdarə Heyəti “Tərtər cinayətləri”nin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacağı ilə bağlı məsələni də müzakirə edib. Partiya cəmiyyətdə “Tərtər cinayətləri”nin obyektiv və hərtərəfli araşdırılmasının qarşısının Rusiyanın “beşinci kalon” üzvləri tərəfindən alınması ilə bağlı narahatçılıqları da bölüşdüyünü bildirib. Müzakirələrdə bu problemin beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsinin Azərbaycan dövləti üçün olduqca utancverici və arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alan İdarə Heyəti Azərbaycan hökumətini “Tərtər cinayətləri”nin hərtərəfli və obyektiv şəkildə araşdırılması, günahkarların dairəsinin müəyyən edilməsi və onların qanun çərçivəsində sərt cəzalanması üçün təcili olaraq milli istintaq komissiyanın yaradılmasına çağırıb.
“Saakaşvilin həbsi yolverilməzdir”
İdarə Heyəti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin öz ölkəsində həbs olunması faktina da diqqət çəkib. İdarə Heyəti Gürcüstanın demokratikləşməsində və Qərbə doğru inteqrasiyasında böyük xidmətləri olan, dünyada tanınmış bir liderin həbs olunmasını yolverilməz hesab edib, bu həbsi qərəzli və siyasi motivli həbs kimi dəyərləndirib. ADP İdarə Heyəti bu həbsin qonşu Gürcüstanda daxili sabitliyin pozulmasına və Gürcüstanı istəməyən xarici qüvvələrin məqsədlərinə xidmət etdiyini bildirərək, Gürcüstan hökumətini M.Saakaşvili ilə bağlı problemin yalnız hüquq müstəvidə həll olunmasına çağırıb.
Hazırladı: KƏNAN