📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP Türk Dövlətləri Təşkilatının yaradılmasını alqışlayır

2021-11-16 11:22:00

ADP Türk Dövlətləri Təşkilatının yaradılmasını alqışlayır

Partiya bu qərarı türk dünyasının çoxdan arzuladığı Turan Birliyinə gedən yolda böyük uğur kimi dəyərləndirib.

Dünən ADP İdarə Heyətinin ölkə gündəminə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuay xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantı iştirakçıları son günlər Qrabağda ermənilərin törətdiyi təxribatlar, terror cəhdləri, rus “sülhməramlıları”nın bu təxribatlara qarşı heç bir ciddi tədbir görməməsi, əksinə, dövlətimizin razılığı olmadan kilsələr tikməsi, tanınmış rus xadimlərinə anıt qəbri ucaltması, Xocalıda qətliamlar edən erməni cəlladlarının uşaqlarlarının rus əsgərinə sığınan heykəl qoyması ilə bağlı məsələni müzakirə edib.

Qeyd olunub ki, bu insidentlərin arxasında ikinci Qarabağ savaşında məğlub olan Ermənistanın hazırkı hakimiyyətinin kapitulyasiya aktı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən bu və ya digər formada yayınma, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesinin başlanması, Laçın dəhlizinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması, ərazi bütövlüyümüzün tanınması, sülhməramlıların nəzarət etdiyi ərazilərdən qanunsuz erməni silahlı qüvvələrinin, terrorçu dəstələrin dərhal çıxarılması kimi məslələrdən geri çəkilmə faktı durur.

Partiya yetkililəri son günlər ermənilərin törətdiyi bu təxribat və terror aktlarını bir il əvvəl əldə edilən razılaşmanın müddəalarına zidd olduğunu, regionda yenidən müharibə alovunun qızışmasına, sülhün, təhlükəszliyin pozulmasına xidmət etdiyini bildirib və hakimiyyəti bu təxribatların qarşısını almaq üçün ən ciddi addımlar atmağa, öz sülh missiyasını yerinə yetirmək istəməyən rus sülhməramlılarının ərazilərimizdən dərhal çıxarılması üçün müvafiq tədbirlər görməyə, qardaş Türkiyənin ordu hissələrinin daha geniş miqyasda Qarabağ ərazisində yer alması üçün hərəkətə keçməyə çağırıb.

İdarə Heyəti İstambulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının sammitinin nəticələrinə münasibət bildirib və yeni adda ərsəyə gələn Türk Dövlətləri Təşkilatını türk dünyasının çoxdan arzuladığı Turan Birliyinə gedən yolda böyük uğur kimi dəyərləndirib.

Türk Dövlətləri Təşkilatının önəminə diqqət çəkən partiya rəsmiləri türk coğrafiyasını, eləcədə türk varlığını yaşadan dövlətləri özündə ehtiva edən bu birliyin qardaş türk xalqlarının iqtisadi, siyasi, mədəni əməkdaşlığının yeni formatı olduğunu qeyd etməklə bu təşkilatın həm də regionda və dünyada sülhün, təhlükəsizliyin qorunması istiqamətində böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. ADP yaranmış Türk Dövlətləri Təşkilatının çox şaxəli əlaqələrinin qorunub saxlanması, təhlükəsiz inkişafını təmin etmək üçün birlik ölkələrin gələcəkdə vahid hərbi ittifaqının yaradılmasının vacibliyini diqqətə çatdırıb və üzv ölkələri bu istiqamətdə təxirəsalınmaz addımlar atmağa çağırıb.

İdarə Heyəti Xarici İşlər Naziri C.Bayramovun ATƏT-in Minsk qrupu həmsədrlərinin Fransada keçirilən görüşünə qatılmasını məqbul hesab etməyib və bu cür görüşlərin 30 il susqun qalan, əməli fəaliyyəti təcavüzkar Ermənistanın işğalçı siyasətinə bəraət qazandıran Minsk qrupunun yenidən canlanmasına, onların erməni himayədarı kimi yeni siyasi oyunlar qurmasına xidmət edəcəyini diqqətə çatdırıb və hakimiyyəti bütün həmsədrləri Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən bu qurumla işbirliyi qurmaqdan uzaq durmağa çağırıb.

Hazırladı: KƏNAN