“Aeroflot”-un təyyarəsi Bakı səmasında qəzadan son anda qurtulub – Rusiyanın aviasiya şirkətləri getdikcə daha təhlükəli olur
Rusiyanın “Aeroflot” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi hava limanına eniş edərkən Bakı səmasında qorxulu anlar yaşayıb.
Hurriyyet.az xəbər verir ki, dekabrın 6-da Moskvadan Bakıya uçan təyyarə pilotların əmrinə tabe olmayıb. Belə ki, təyyarənin qanad bucağı lazım olan ölçüdə dəyişməyib. Bu isə olduqca təhlükəli hal hesab olunur. Buna baxmayaraq, təyyarə eniş etməyi bacarıb. Lakin bu hadisə ciddi təhlükə mənbəyi olaraq istər təyyarədəki sərnişinləri, istər hava limanı personalını, istərsə də uçuşun təhlükəsizlıiyinə cavabdeh olan digər orqanları təşvişə salıb.
Məsələ ondadır ki, indidən sonra Rusiya mülki aviasiya şirkətlkərilə bağlı bu cür təhlükəli hadisələrin artacağı qaçılmaz görünür. Belə ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi səbəbindən sanksiyalara məruz qalan Rusiya aviasiyası böhran yaşayır. Təyyarələrin texniki baxışı, proqram və ehtiyat hissələri təminatı bərbad vəziyyətdə, bəzi hallarda isə həlli mümkünsüzdür. Bunun nəticəsi olaraq, təkcə son bir neçə gündə - 1-9 dekabr aralığında Rusiya şirkətlərinə aid təyyarələrdə 42(!) ciddi texniki nasazlıq halları aşkarlanıb. Moskva-Bakı reysində baş verən hadisə də buraya daxildir. Hələ bu, rəsmi statistikadır və Rusiya dövlət orqanlarının “obyektivliyini” nəzərə alsaq, reallıqda belə hadisələrin sayının daha çox olduğunu güman etmək olar.
Doğrudur, hələ ki, insan tələfatına gətirib çıxaran aviaqəza baş verməyib. Lakin bu gedişlə belə bir faciəvi hadisənin baş verəcəyi olduqca real görünür. Ona görə də Rusiya aviaşirkətlərinin reyslərinə bilet almaq istəyən həmvətənlərimiz bundan öncə yaxşı-yaxşı fikirləşməlidirlər.
haqqın.az