Ağcabədidə bıçaqlanan 7 yaşlının atası: Oğluma xəsarət yetirən şəxsin 13 - 14 yaşı var
Oğluma xəsarət yetirən şəxsin 13-14 yaşı var.
"Report"un Qarabağ Bürosu bildirir ki, bunu ötən gün Ağcabədidə bıçaqlanan azyaşlının atası Rəşad Bəşirov deyib.
O bildirib ki, hadisə zamanı işdə olub:
"Telefonuma zəng gəldi ki, uşağın ayağı kəsilib. Gəlib uşağa baxanda gördüm ki, ayağı deyil bədəninin çox yerində xəsarətlər var. Məsələnin tam dəqiqliyini bilmirəm. Mənim heç kimlə düşmənçiliyim yoxdur. İstəyirəm ki, oğlumu kim vurubsa tapılsın və cəzası verilsin".
R. Bəşirov qeyd edib ki, uşaq onu kim bıçaqladığını bilir:
"Oğlum deyir ki, üzdən görmüşəm, məndə deyirəm ki, polisə necə var, doğrusunu desin. Hazırda saxlanılan uşağın 13 - 14 yaşı var."
Hadisə ilə bağlı Ağcabədi rayonu mərkəzi xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, azyaşlı valideynləri tərəfindən xəstəxanaya gətirilib:
"Müayinə zamanı xəstənin bədənində 20-ə yaxın kəsilmiş, cırılmış, deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qan itirmə müşahidə olunur. Təcili olaraq əməliyyat blokuna götürülüb. Yaralara müdaxilə edilib və xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülüb. Hazırda ümumi vəziyyəti orta ağır kimi qiymətləndirilir".
Ağcabədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
Ağcabədi rayonunda 7 yaşlı oğlan uşağı bıçaqlanıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, 2019-cu il təvəllüdlü azyaşlı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Qeyd olunub ki, yaralı dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.