Aİ 10 yeni üzv qəbul etməyə hazırlaşır - Türkiyə ilə Ukraynanın da adları siyahıdadır
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrel birliyin Ukrayna da daxil olmaqla, 10 yeni üzvü öz sıralarına qəbul etməyə hazırlaşmalı olduğunu söyləyib. O, Avropa İttifaqına yeni üzvlərin qəbul vaxtını dəqiqləşdirməyi də təklif edib: “Genişlənmə ideyası müzakirələrimizin mövzusu olub. Ukrayna da, Qərbi Balkan ölkələri də Avropa İttifaqının yeni üzvləri olmalıdırlar. Güman edirəm ki, prosesə təkan vermək məqsədilə siyasi hədəfləri müəyyənləşdirmək yaxşı olardı. Bu, bizə də aiddir. Çünki Avropa İttifaqına 10 yeni üzvün qəbul edilməsinə hazır olmalıyıq”.
Qeyd edək ki, bu günlərdə Aİ-nin rəhbəri Şarl Mişel də 2030-cu ilə qədər birlik üzvlərinin sayını artırmağı planlaşdırdıqlarını söyləmişdi.
Hazırda Avropa İttifaqına üzv olmağa namizəd səkkiz dövlət var. Ukrayna ən yeni, Türkiyə isə ən köhnə namizəddir. Siyahıda Albaniya, Serbiya, Şimali Makedoniya, Çernoqoriya, Moldova, Bosniya və Hersoqovinanın adları var. Gürcüstana namizəd statusu verilməsi məsələsi müzakirə edilir. Kosova da namizədlər siyahısına salına bilər. Axırıncı dəfə 10 il əvvəl birliyə yeni üzv – Xorvatiya qəbul edilib. Hazırda Avropa İttifaqında 27 ölkə birləşir.
Hürr Tərcüman