"Aİ-nin İrəvandakı missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatı toplayır"
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Aİ-nin İrəvandakı missiyasının ölkənin müdafiəsi ilə məşğul olmaq əvəzinə Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları topladığını bəyan edib. Diplomat bu sözləri "Soyuzniki. ODKB" («Союзники. ОДКБ»- "Müttəfiqlər. KTMT") nəşrinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT xətti üzrə tədbirləri reallaşdırmaq təklifi ilə razılaşsa idi, bu gün Ermənistanın qarşılaşdığı bir çox risklərin qarşısını almaq olardı. Onun sözlərinə görə, söhbət hərbi-texniki yardım, monitorinq missiyasının göndərilməsi, sərhəd qüvvələrinin təlimi kimi ciddi təşəbbüslərdən gedir. Lakin Ermənistan rəhbərliyi KTMT-nin yardımından imtina edərək, Avropa İttifaqının missiyasını dəvət etməyi üstün tutub.
Səfir qeyd edib ki, Cənubi Qafqazın taleyini yalnız region ölkələri və qonşu-tərəfdaş dövlətlər müəyyənləşdirməlidirlər.
Hürr Tərcüman