📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ nümayəndələrinin Bakı və Qarabağ səfəri: tərəflər hansı məsələlərdə razılaşdılar? - FOTOLAR

2026-10-03 11:31:52

Aİ nümayəndələrinin Bakı və Qarabağ səfəri: tərəflər hansı məsələlərdə razılaşdılar? - FOTOLAR

Oktyabrın 1-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.net xəbər verir ki, görüşdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, Tərəfdaşlıq Prioritetləri, yeni ikitərəfli saziş üzrə danışıqlar, enerji və nəqliyyat bağlantıları, iqlim əməkdaşlığı, habelə regional məsələlər müzakirə olunub.

Nazir müavini Azərbaycan ilə Aİ arasında son dövrdə yüksək səviyyəli təmasların intensivləşdiyini, enerji, ticarət və bağlantılar sahələrində əməkdaşlığın genişləndiyini bildirib. Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq, Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafı sahəsində gördüyü işlər, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verilib.

eb5452ed-0a1c-4d36-b044-3485995538be.jpeg (122 KB)

Xatırladaq ki, cari ilin iyun ayında Bakı şəhərində Azərbaycan ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb. Məlumata əsasən, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Onu da qeyd edək ki, bu gün Brüsseldə Azərbaycanın təmiz enerji sektorunda Avropa özəl sektorunun iştirakının gücləndirilməsi üçün praktiki tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunub.

Energetika Nazirliyinin məlumatına görə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masada Azərbaycanda bərpaolunan enerji, o cümlədən külək enerjisi, elektrik şəbəkəsi infrastrukturu və enerji səmərəliliyi kimi sahələrdə biznes imkanları təqdim edilib.

e3a4fcdf-0131-4ae8-9e1f-b49c78fb3f8d.jpeg (273 KB)

Azərbaycanın 2030-cu ilədək külək-günəş enerjisinin payını 38,7 %-ə yüksəldən planlarının xarici və özəl şirkətlərlə həyata keçirildiyi, eləcə də Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni enerji bağlantılarının elektrik enerjisinin istehsalı və ötürülməsində Avropa şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açdığı qeyd olunub.D. Yorgensen isə deyib ki, Azərbaycan bərpa olunan enerji, regional bağlantıların inkişafı üzrə əhəmiyyətli imkanlar təklif edir: "Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var. Avropanın elektrik şəbəkələri üzrə texnologiyaları, avadanlıqları və mühəndislik təcrübəsi, eləcə də Avropa şirkətlərinin investisiya siyasəti bu planların həyata keçirilməsinə töhfə verə bilər".

Müzakirələrdə “Xəzər-Qara dəniz-Avropa” dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının uğurla başa çatdırılması və layihənin növbəti inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, hazırda əsas diqqətin potensial investorların və strateji tərəfdaşların cəlb edilməsinə yönəldiyi qeyd olunub.

1bcfb0c8-b080-492c-9610-508b88451786.jpeg (75 KB)

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsini, o cümlədən əlaqələrin gələcək inkişaf perspektivlərini Musavat.com üçün şərh edib.

Müsahibimiz bildirib ki, son aylarda baş verən proseslər onu göstərir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərdə müsbət dinamika var: “Düşünürəm ki, bu səbəbsiz deyil. Təbii ki, hər iki tərəfin tərəfdaşlıqla, əməkdaşlığı dərinləşdirməklə bağlı müəyyən ortaq maraqları var. İlk növbədə bu maraqlar münasibətlərin dərinləşməsinə təsir göstərir. Eyni zamanda dünyada, yerləşdiyimiz regionda, coğrafiyada baş verən hadisələr, mürəkkəb geopolitiki proseslər də tərəflər arasında əlaqələrin dərinləşməsinə müsbət mənada təsir göstərib. Fikrimcə, Avropa İttifaqının maraqlarında, strategiyasında Azərbaycanın əhəmiyyəti daha da artıb. Bunun səbəbi, xüsusilə, Rusiya-Ukrayna münaqişəsi, münaqişənin son zamanlar daha da eskalasiyasıdır. Eyni zamanda Yaxın Şərqdə baş verən müharibə fonunda da ölkəmiz, eləcə də Cənubi Qafqazın əhəmiyyəti artıb. Azərbaycan həm Avropa İttifaqı üçün alternativ enerji mənbəyidir, eyni zamanda regional bağlantılar baxımından Azərbaycan Avropa İttifaqı üçün, Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyır”.

fce0a8f3-3de7-45ae-8a2d-e74f4e4f934e.jpeg (50 KB)

M.Məmmədli qeyd edib ki, Azərbaycanın çoxvektorlu xarici siyasətində Avropa İttifaqı xüsusi yer tutur:
“Ökəmiz dünyanın əsas siyasi, iqtisadi güc mərkəzi ilə münasibətlərini daha da dərinləşdirməkdə maraqlıdır. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır. Bizim ən böyük iqtisadi dövriyyəmiz Avropa İttifaqı ilədir. Eyni zamanda ən böyük neft alıcısı, yəni neft ixrac etdiyimiz məkan da Avropa ölkələridir. Son aylarda biz müsbət dinamikanı müşahidə edirik. Tərəflər arasında siyasi dialoq intensivləşir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqını təmsil edən 20-dən artıq nümayəndəni qəbul edib. H.Hacıyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər strateji xarakter daşıyır. Bu, rəsmi Bakının mövqeyidir. O, həmçinin, qeyd edib ki, Azərbaycan həm tərəfdaşlıq prioritetləri üzrə, həm də hərtərəfli sazişlə bağlı danışıqları davam etdirir. Düşünürəm ki, əgər müsbət dinamika davam edəcəksə, biz çox da uzun olmayan perspektivdə hər iki sənədin imzalanmasının şahidi olacağıq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycana ilk növbədə bərabərhüquqlu tərəfdaş kimi baxsın, ölkəmizin suverenliyinə, müstəqilliyinə hörmət etsin, daxili işlərimizə qarışmasın. Avropa İttifaqı, Avropanın əsas aparıcı ölkələri bu prinsiplərə riayət edəcəksə, tərəflər arasında münasibətlər daha da dərinləşəcək. Hesab edirəm ki, belə olan təqdirdə münasibətlərdə hər hansı ciddi problem olmayacaq”.

Qeyd edək ki, hazırda Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti işğaldan azad edilən ərazilərdə səfərdədir. Qonaqlar Xankəndidə yerləşən Qarabağ Universitetini ziyarət ediblər. Nümayəndə heyəti Zəfər Parkına və Zəfər meydanına baş çəkib. Qonaqlar parkın ərazisi ilə tanış olub, burada Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfəri əks etdirən məkanlar və layihələr barədə məlumatlandırılıblar.