📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ qaçqın böhranı ilə üzbəüz qaldı: “Lukaşenko Putinin təlimatlarını yerinə yetirir”

2021-11-10 17:11:00

Aİ qaçqın böhranı ilə üzbəüz qaldı: “Lukaşenko Putinin təlimatlarını yerinə yetirir”

Lukaşenko beynəlxalq miqrant mafiyasının olduğunu iddia edib.

Hurriyyet.az “TRT Haber” kanalına istinadən xəbər verir ki, Belarus-Polşa sərhədində qaçqın böhranı dərinləşməkdədir. Sərhədə 15 min əsgər toplamış Varşava hökuməti gələcəkdə hərbçilərin sayını daha da artırmaq niyyətindədir. Rusiya qırıcıları isə Belarusun hava məkanında patrul uçuşları həyata keçirib.

İraq, Suriya və Əfqanıstandan axışan minlərlə köçkün Belarusdan Polşaya – Avropa İttifaqı ərazisinə keçməyə çalışır. Polşa Müdafiə Nazirliyi gecə boyunca sərhədi keçmək cəhdlərinin olduğunu, Polşa sərhədini pozmuş 50 nəfərdən artıq köçkünün nəzarətxanaya aparıldığını bildirib.

Litva isə Belarus ilə sərhəddə və qaçqın düşərgələrində fövqəladə vəziyyət elan edib.

Polşanın Baş naziri Mateuş Moravetski gərginliyin yaranmasında Rusiyanı ittiham edib, Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinin göstərişlərini həyata keçirdiyini iddia edib.

Avropa Komissiyası Belarusun köçkünlərdən ona qarşı sanksiyalara cavab vasitəsi kimi istifadə elədiyini iddia edir. Brüssel Belarus məmurlarına viza verilməsinin asanlaşdırılmasını təxirə saldığını bildirib və “yeni sanksiyalar hazırlanır” açıqlamasını verib.

Minsk hakimiyyəti isə bu iddiaların yalan olduğunu bildirib. Belarus Prezidenti Lukaşenko miqrantların keçidini təmin edən bir mafiya şəbəkəsinin olduğunu iddia edib.

Rusiyanın Müdafiə Nazirliyi iki TU-22M3 qırıcısının Belarusun hava məkanında patrul uçuşu həyata keçirdiyini bəyan edib. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ilə Belarus Prezidenti Aleksandr Lukaşenko 4 noyabr tarixində iqtisadi və sosial sahələrdə iki ölkənin inteqrasiyası istiqamətində “İttifaq Dövləti Proqramı”nı təsdiqləyən qərarı imzalamışdılar.

 

Hürr Tərcüman