Aİ yenidən maddi yardım göstərməyə razıdır - ancaq “Taliban” onun şərtlərini qəbul etməlidir
Almaniya telekanalı N-TV qeyd edir ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı ölkənin yenidən qurulması üçün yardım ödənişlərini dondurdu, lakin vəziyyət tezliklə dəyişə bilər. Aİ ölkələri Əfqanıstana yenidən yardım göstərməyə davam etməyə hazırdır, lakin bunun üçün “Taliban” onların şərtlərini qəbul etməli və xüsusən də avropalıların və əfqanların ölkəni maneəsiz tərk etməsinə icazə verməli, qadın hüquqlarına və mətbuat azadlığına hörmət etməli, həmçinin çoxşaxəli inklüziv hökumət qurmalıdır.
Hurriyyet.az Almaniyanın N-TV telekanalına istinadla xəbər verir ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Avropa İttifaqından artıq ölkəyə pul axmır, amma vəziyyət tezliklə dəyişə bilər. Belə ki, gələcəkdə Kabildəki yeni hökumətlə əməkdaşlıq üçün Aİ xarici işlər nazirləri öz şərtlərini irəli sürüblər.
Avropa İttifaqı radikal islamçı “Taliban”ın Əfqanıstanın bərpası və diplomatik əlaqələr qurmaq üçün yardım almağa davam etmə perspektivini açıqlayıb. Aİ-nin xarici siyasət üzrə Ali Komissarı Jozep Borrel qurumun 27 ölkəsinin xarici işlər nazirlərinin Sloveniyadakı qeyri-rəsmi toplantısında əsasən “Taliban”ın himayəsi altında gözlənilən yeni Əfqanıstan hökumətinə “sınaq balonu” göndərməyi qəbul etdiklərini qeyd edib.
Avropa İttifaqının irəli sürdüyü şərtlərdə Avropa vətəndaşları və əfqanların ölkədən sərbəst gediş-gəlişi, həmçinin humanitar yardım göstərmək üçün sərbəst girişi tələb olunur. Digər şərtlər arasında Borrel qadın hüquqlarına və mətbuat azadlığına hörmət, “əhatəli və nümayəndəli bir hökumət”in qurulması və Əfqanıstanın yenidən terrorçular üçün qalaya çevrilməməsi barədə “Taliban”ın razılaşmasını göstərib. Aİ-nin xarici əlaqələr komissarı “Taliban”la təmasların onun rəsmi olaraq tanınması anlamına gəlmədiyini ifadə edib.
Almaniya telekanalı qeyd edir ki, Aİ müqaviləsi Almaniya-Fransa təklifinə əsaslanır. Belə ki, Almaniyanın xarici işlər naziri Hayko Maas cümə axşamı günü Sloveniyaya gəldikdə “Taliban” üçün oxşar şərtləri səsləndirdi. O, bu şərtlər yerinə yetiriləcəyi təqdirdə Almaniyadan gələn yardım vəsaitlərinin yenidən Əfqanıstana yönəldilə biləcəyini açıqladı, baxmayaraq ki, hakimiyyətə “Taliban” gəldikdən sonra bütün müvafiq əməliyyatlar dondurulub. Almaniya hökuməti Əfqanıstanın yenidən qurulması üçün beş il ərzində hər il təxminən 430 milyon avro ayıracağını vəd edir.
Borrelin sözlərinə görə, Kabildəki təhlükəsizlik şərtləri imkan verərsə, Aİ ölkələri Əfqanıstanın paytaxtında ortaq diplomatik nümayəndəlik qurmaq istəyirlər. Qoşunların çəkilməsindən sonra Almaniya və digər Avropa ölkələri Əfqanıstandakı səfirliklərini bağladı. Kabildəki bir “Taliban” sözçüsü yeni hökumətin şənbə gününə qədər təqdim olunmayacağını söyləyib. N-TV telekanalı qeyd edir ki, daha əvvəl hökumət üzvlərinin adlarının cümə namazından sonra açıqlanacağı bildirilmişdi.