📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ailələr var ki, övladlarının psixoloji vəziyyətinin normal olmadığını bilə-bilə onları ailə qurmağa məcbur edir" - GÜLƏR MƏMMƏDOVA

2022-08-18 16:44:00

"Cəmiyyət ailə qurmaq üçün subay xanıma üstünlük verir, gərək boşanan şəxs boşanmanı gizli saxlasın və hətta növbəti ailə münasibətində yenə bu kimi problemlərlə üzləşə bilər"

Bəli, evlilik insanı xoşbəxt edir, amma heç də əbədi yox. Çox zaman min-bir əziyyətlə qurulan ailələr müəyyən vaxt sonra dağılır. Statistik göstəricilərə görə, Azərbaycanda son vaxtlar boşanmaların sayı azalıb, nikahlar artsa da, lakin yenə də ailələrin dağılması cəmiyyəti narahat edən aktual məsələlərdən biri olaraq qalır. İstər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində ailədə mövcud olan maddi problemlər, xəyanət, psixoloji gərginlik, qohum müdaxiləsi və hətta çoxalan maddi imkanlar səbəbilə boşanmalar baş verir. Çox təəssüf ki, ailələrin dağılması ər-arvadın ayrılmasından əlavə, uşaqlarda da bir sıra psixoloji problemlərin yaranmasına yol açır.

Ölkəmizdə boşanmaların səbəblərindən biri də erkən nigahlardır.Təəssüflər olsun ki, gənclərin erkən nigaha daxil olması hər zaman cəmiyyətimizi narahat edən problemlərdən biri olub. Lakin bu gün sevindirici haldır ki, statistik göstəricilərə görə, son vaxtlar erkən nigah hallarının sayında azalma müşahidə olunub. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanov Hurriyyet.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə çox ciddi addımlar atılır: "Erkən nikah hallarının statistikasına nəzər salsaq, əvvəlki illərlə müqayisədə artımın müşahidə olunmadığının şahidi oluruq. Lakin buna baxmayaraq, problem hələ də mövcuddur. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası, eyni zamanda qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, qadın və qız uşaqlarına dəstəyin verilməsi məqsədilə respublikanın bütün bölgələrində, xüsusilə erkən nikah və təhsildən yayınma hallarının çoxluq təşkil etdiyi rayon və şəhərlərdə sakinlərlə, rayon ictimaiyyəti ilə Dövlət Komitəsinin nümayəndələrinin görüşlərinin təşkil olunması, bu görüşlər nəticəsində əldə olunan məlumatların maarifləndirmə məqsədilə əhaliyə çatdırılması həyata keçirilir. Bu görüşlərin davamlı olması, aidiyyəti qurumlarla birgə koordinasiya şəklində problemlərin həlli istiqamətində işlərin aparılması nəzərdə tutulub. Qeyd olunan məsələlərlə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq yeni məlumatlandırıcı çap materialları hazırlanır, sosial çarxlar çəkilir. Əhali arasında xüsusilə maarifləndirmənin aparılmasına böyük önəm verilir".

Ailə münasibətlərinin və ailə tərbiyəsinin normal qurulması üçün göstərilən amiləri nəzərə almaq və onların təsirini neytrallaşdırmaq lazımdır. Bu məqsədlə hər bir konkret ailədə hansı amilin daha çox təsir göstərdiyini müəyyənləşdirmək, onun səbəblərini öyrənmək və həmin səbəblərin aradan qaldırılması üçün mövcud imkanları işə salmaq, əlavə imkanlar axtarmaq, çıxış yolları tapmaq vacibdir. Əks halda boşanmalar üçün bir sıra səbəblər yaranır.

Psixoloq Gülər Məmmədova Hurriyyet.az-a açıqlamasında bildirib ki, bu gün hətta müəyyən konfliktli ailələr də var ki, övladlarının psixoloji vəziyyətinin normal olmadığını bilə-bilə onları ailə qurmağa məcbur edir: "Bu cür nevrotik pozuntulu şəxslərin də ailə qurması ailələrin erkən dağılmasına səbəb olur. Ümumiyyətlə, nigaha tam şəkildə hazır olmayan insanların məcburi evlilikləri, ənənəyə sadiq qalan evliliklər, valideynlərin təkidi və ya dost münasibətlərinə görə, qohum evlilikləri və bu kimi münasibətlərin çoxunda hormoniya yaransa da, bir çoxunda problematik situasiyalar formalaşır. Ailə təməli iki səxs üzərində qurulan kiçik bir dövlətdir. Hər iki səxs öz həyatını qarşılıqlı anlamaq şərt ilə bölüşməlidir. Lakin müəyyən maraqların və zövqlərin, düşüncələrin üst-üstə gəlməməsi, ailədə mütəmadi konfliktlər yaradır. Əsasən də mürəkkəb ailələrdə yaşayan zaman hər iki tərəfdən valideynlərin müdaxiləsi boşanmağa gətirib çıxarır. Konfliktli, nevrotik ailələr də vardır ki, övladının psixi durumunu bilə-bilə ailə qurmağa məcbur edirlər. Bax bu cür psixi pozuntulu şəxslərin ailə qurmaqları fəsadlar törədir və ailərin erkən dağılmasına səbəb olur". 

Təbii ki, sağlam gələcək qurmaq üçün sağlam bir ailənin təməlini atmaq lazımdır. Boşanma prosesindən keçmiş ortayaşlılar arasında aparılmış araşdırmalar göstərib ki, uzunmüddətli münasibətlər insanların şəxsiyyətini dəyişir. Belə ki, qadınlar boşanmadan sonra keçmiş həyat yoldaşları ilə müqayisədə ətrafa daha ekstrovert olurlar. Kişilər də ayrılmanın öhdəsindən asan gəlmirlər. Onlar nevrotikliyə meyllənirlər. Amma ümumilikdə boşanmadan sonra həm kişilər, həm də qadınlarda qarşı cinsə qarşı güvənsizlik halları müşahidə olunur. Bundan əlavə mental dəyərləri  nəzərə alsaq deyə bilərik ki, bizim cəmiyyətdə boşanmış qadınların aqibəti bəzən yaxşı bitmir. Belə ki, boşanmış qadınlar cəmiyyətdə qınaq hədəfinə çevrilir. Bunu psixoloq Gülər Məmmədova öz açıqlamasında təstiqləyib: "Təəsüflər olsun ki, bizdə bəzən, boşanmış ailələrə yaxşı yanaşmırlar. Belə qənaətə gəlirlər ki, düşüncəsi olsaydı boşanmazdı, yaxşı qadın olsaydı boşanmazdı, yaxşı kişi olsaydı ailəsini dağıtmazdı. Təəssüflər olsun ki, bu cür düşüncə ilə yanaşırlar. Nəticədə isə boşanmış insanların ikinci dəfə ailə qurmağında müəyyən problemlər yaranır. Cəmiyyət ailə qurmaq üçün subay xanıma üstünlük verir, gərək boşanan şəxs  boşanmanı gizli saxlasın və hətta növbəti ailə münasibətində yenə bu kimi problemlərlə üzləşə bilər, o zaman yenəmi boşanmalıdır?"

Unutmayaq ki, ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır.Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələrinin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir. Belə olan halda ailədə boşanmaq üçün əsas ola bilməz.

Nərmin Məmmədli,

Hurriyyet.az