Akif Nağı-Fazil Mustafa mübahisəsi qızışdı: 200 minlik maşın iddiası...
Azad Vətən Partiyasının sədri Akif Nağı ilə Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa arasındakı “söz atışması” qızışır.
Modern.az xəbər verir ki, mübahisəyə Fazil Mustafanın Akif Nağı haqqında sosial şəbəkədə yazdığı status səbəb olub. Deputat Akif Nağının Azərbaycan-Türkiyə münasibətlərinə dair açıqlamasını sərt tənqid edərək onu İranpərəst olmaqda suçlayıb.
Akif Nağı isə Fazil Mustafanın maddi zənginlik içərisində yaşadığını, deputatın sahib olduğu əmlak və bahalı avtomobillərin hansı vəsait hesabına əldə edildiyini sosurşub. O, Fazil Mustafanın var-dövlət içərisində üzdüyünün, 200 minlik maşın sürdüyünü, bahalı villada yaşadığını vurğulayıb. Partiya sədrinin iddiasına görə, Fazil Mustafa namizədlik dissertasiyasını Ramiz Mehdiyevin tapşırığı və himayəsi ilə müdafiə edib.
Fazil Mustafa yenidən Akif Nağıya reaksiya verib.
“Deyib ki, Fazil Mustafa iki yüz minlik maşın sürür, villalarda yaşayır, bu qədər pulu haradan alıb. Dönüb baxıram ki, axı mən 5 il işlənmiş durumda olan minik avtomobilimi 10 il öncə almışam. Bu həmin avtomobildir ki, üç il öncə həmin məxluqa bənzər başqa QUMcuqlar tərəfindən gülləbaran edilmişdi, yenə də təmir etdirib sürməyə davam edirəm. Həm də söylənən qiymətdən düz 10 dəfə ucuz avtomobildir, yenisini də almaq fikrim hələ ki yoxdur. Sonra anlaşıldı ki, Milli Məclisin komitə sədri olaraq verilən xidmətə avtomobili nəzərdə tutubmuş. O da mənim şəxsi vəsaitimlə alınmayıb, dövlətə məxsus əmlakdır. Yaşadığım üç sot həyəti olan "villa" deyilən ikimərtəbəli evin də bir mərtəbəsi 20 minlik kitab zənginliyində bir şəxsi kitabxanadır, Azərbaycanın dəyərli insanlarından bir çoxu bu kitabxananı böyük zövqlə ziyarət ediblər. Yəni deyilsəydi bu qədər kitabı Fazil Mustafa haradan, necə alıb, o halda daha məntiqli ittiham olardı. Mən də bu ittihama böyük şövqlə cavab verərdim. Həqiqətən də aylıq maaşımın bir hissəsi yeni kitabları almağa sərf edilir", - deyə deputat Akif Nağını qaragüruhçuluq etməkdə qınayıb.