📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ALİ MƏKTƏBƏ QƏBUL OLAN ŞAGİRDLƏRİMİZ İLDƏN-İLƏ ARTIR” - “Çalışırıq ki, şagirdlər repetitor yanına getməsinlər, əvvəllər olduğu kimi, biliyi məktəbdə alsınlar”

2022-03-15 15:02:00

“ALİ MƏKTƏBƏ QƏBUL OLAN ŞAGİRDLƏRİMİZ İLDƏN-İLƏ ARTIR” - “Çalışırıq ki, şagirdlər repetitor yanına getməsinlər, əvvəllər olduğu kimi, biliyi məktəbdə alsınlar”

Bir millətin və dövlətin gələcəyi təhsilə bağlıdır. Təhsilin keyfiyyət isə onun maddi-texniki təchizat bazasının necə olmasından asılıdır. Amma elə məktəblər də var ki, bu bazanın yoxluğunda, belə desək, minimum imkanlarla da yüksək nəticələr ortaya qoya biliblər. Zənnimizcə, bu məktəblərdən biri də Abşeron rayonu, Saray qəsəbəsi, Azim Müzəffərov adına 2 saylı tam orta məktəbdir. Məktəbin direktor əvəzi, özünün 30 ilini məktəbə sevgiylə fəda etmiş və indi də etməkdə olan Nəzakət Məmmədova ilə söhbətimizdə də elə məhdud imkanlarla ciddi uğurların necə əldə edilməsindən danışdıq.

- Nəzakət xanım, söhbətimizi ilk öncə sizin təqdimatınızdan başlayaq…

- Mən Məmmədova Nəzakət Xubəli qızı. Müəllimlik mənim uşaqlıq arzum olub. Hələ 4-cü sinifdə oxuyarkən bu arzuda olmuşam və bu mənim üçün əlçatmaz bir arzu olub. Şükürlər olsun ki, bu arzuma çatmışam.

O zamanlar müəllim sənətinə yiyələnmək üçün ali məktəb Axundov adına Azərbaycan Pedaqoji İnstitutu adlanırdı. Mən həmin ali məktəbin “Rus dili və ədəbiyyatı” fakültəsini bitirmişəm və 1992-ci ildən müəllimə olaraq çalışmışam. Rus dili və ədəbiyyatı fənnini tədris etmişəm. 

- Saray məktəbində nə vaxtdan çalışırsınız?

- Elə 1992-ci ildən ilk müəllim fəaliyyətinə Sarayda, 2 saylı məktəbdə başlamışam. Artıq 30 ildir. Hazırda, 2021-ci ilin sentyabrından başlayaraq, bu məktəbdə direktorun səlahiyyətlərini icra edirəm. Bu müddətdə də məktəbimiz çətin vəziyyətdə olsa da fəaliyyətimizi uğurla davam etdiririk. Məktəbimiz üçün yeni bina tikilməsi ilə əlaqədar olaraq 1-4-cü siniflərimiz Sarayda yerləşən təhsil mərkəzində təhsil alır. 5-11-ci siniflərimiz isə Sumqayıtda 34 saylı məktəbdə təhsillərini davam etdirirlər. Dövlətimiz, prezidentimiz, nazirimiz sağ olsunlar ki, məktəbimizin yeni binasının tikintisi aparılır.

Hazırda 1-4-cü siniflərimiz Saraydakı təhsil mərkəzində 3 növbəli rejimdə oxuyurlar. 5-11-ci siniflər isə Sumqayıtın 34-saylı məktəbində ikinci növbədə oxuyurlar. 5-11-ci sinifin şagirdlərini Təhsil Nazirliyinin təşkil etdiyi avtobuslarla Saraydan Sumqayıtdakı məktəbə aparırıq. Özüm bu işə nəzarət edirəm.

- Yəqin iki məktəb arasında gedib-gəlmək çətin olur…

- Bəli, çətindir, amma öhdəsindən gəlirik.

- Qeyd etdiniz ki, məktəbin yeni binası tikilir. Ümumiyyətlə, məktəbin əvvəlki binası necə idi, təhsil üçün yararsız idi?

- Bizim məktəb uyğunlaşdırılmış binada yerləşirdi. Yəni tədris üçün nəzərdə tutulmuş bina deyildi. Sadəcə, tədrisə uyğunlaşdırılmışdı. Həmin binaya heç 700 uşaq yerləşmirdi, amma biz oraya 2000-nə yaxın şagird yerləşdirmişdik. Hal-hazırda məktəbdə 1827 şagird təhsil alır. 5 yaşlılarımızın sayı 109 nəfərdir, yəni hamısı bir yerdə 1936 nəfərdir. Məktəbimizə müraciət də, gəliş də çoxdur. Yeni məktəbin inşası ilə bağlı şəraitsizlik ucbatından məktəbimizdən gedən uşaqlar yenidən öz məktəbimizə qayıtmaq istəyirlər. Məktəbə təlabat çoxdur. Ümumiyyətlə, müəllimlərimiz də savadlı müəllimlərdir, uşaqlarımız da istedadlı uşaqlardır. İstedadlı uşaqlarımız həddən artıq çoxdur. İnşallah, yeni məktəbdə daha gözəl, daha həvəslə təhsil ilinə başlayacağıq. Düzdür, müəllimlərimiz hətta bu şəraitdə də ürəkdən çalışırlar. Biz işimizə hər şəraitdə məsuliyyətlə və sevgi ilə yanaşmışıq. Hər bir uşağa diqqətlə yanaşmışıq, onunla fərdi məşğul olmuşuq. Çalışmışıq ki, onların istedadlarını üzə çıxaraq, onlar olimpiadalarda qalib olsunlar, müxtəlif tədbirlərdə iştirak etsinlər. Bunu təmin edirdik. Yeni məktəbdə bunun üçün daha çox çalışacağıq.

- İnanırıq ki, yeni məktəbdə təhsil üçün şərait yüksək səviyyədə olacaq. Bəs, burada konkret hansı imkanlar nəzərdə tutulur ki, bu məktəbə daha çox şagirdin gəlməsini təmin edəcək?

-Uşaqlarımız əvvəl həqiqətən çox çətin şəraitdə təhsil alırdılar. Məsələn, bufet yox idi, sanitar qovşağı həyətdə idi, çətinliklər var idi, valideyinlər ibtidai sinifə gedəcək uşaqları onların sağlamlığına və şəraitsizliyə görə məktəbdən aparırdılar. İndi onlar yenidən bizə müraciət edirlər. Düzdür, mən istəmərəm onlar uşaqlarını başqa məktəblərdən çıxarıb bizə gətirsinlər, amma valideyn istəyəndən sonra biz nə edə bilərik. Müraciətlər həddən artıq çoxdur. Həmçinin, yeni binada idman zalı, peşə təmayüllü siniflər də nəzərdə tutulub. Bu da sevindirici haldır ki, bizim 9-cu sinifdən peşə təhsilinə yönəlmək istəyən uşaqlarımız artıq elə öz məktəbimizdə peşə təhsili alacaq. Eyni zamanda, öz uşaqlarımız elə öz məktəbimizdə qalıb oxuyacaqlar, başqa yerə getməyə ehtiyac olmayacaq.

-Bildirirsiniz ki, 2 saylı məktəbə bundan əvvəl də hər zaman tələb çox olub. Bunun səbəbi nədir?

- Səbəb bizim bütün fənnlər üzrə müəllim kollektivimizin savadlı olmasıdır. Yəni yüksək bal toplayan müəllimlərimiz var. Elə müəllimlərimiz var ki, onların şagirdlərinin gələcəyi göz qabağındadır. Belə müəllimlərin verdiyi biliklər sayəsində məktəbi uğurla bitirib, ali məktəbə qəbul olan şagirdlərimiz ildən-ilə artır. Hal-hazırda da mən böyük nəticə gözləyirəm. Bu nəticəni xüsusilə təmayül siniflərimizdən gözləyirəm. Hazırda 3 təmayül sinifimiz var: 11 A texniki-təbiət təmayüllü, 11 B humanitar təmayüllü, 11 C Riyaziyyat, iqtisadiyyat və humanitar təmayüllü siniflərimizdir. Onlardan da gözəl nəticələr gözləyirəm. Uşaqlarımız çalışır, oxuyur, müəllimlərimiz də səy göstərirlər, onlara nə kömək lazımsa edirlər. Adi siniflərimiz də var. Bu siniflərdə olan uşaqlarımız da çalışırlar, oxuyurlar. Belə güman edirəm ki, bu il daha çox şagirdimiz ali məktəblərə daxil olar.

-Siniflərin təmayüllərə bölünməsi nə zamandan başlayır?

- 9-cu sinifin 2-ci yarımili başlayanda biz uşaqlarla sorğular aparırıq ki, kim hansı qrupa gedəcək. Yaya qədər bu söhbətləri aparırıq və müəyyənləşdiririk ki, hansı uşaq təhsilini hansı qrup üzrə davam etdirəcək.

-Bildyimiz kimi, indi yuxarı sinif şagirdləri daha çox repetitorla ali məktəbə hazırlaşırlar. Bəs sizin təmayüllü siniflərdə şagirdlərin ali məktəblərə qəbul üçün aldığı bilik səviyyəsi necədir? Yəni təmayüllü siniflər repetitor yanına getməsə belə, məktəbdə mənimsədiyi biliklərlə ali məktəblərə qəbul ola bilərmi? Yaxud bu məsələni gələcəkdə daha da təkmilləşdirməyi düşünürsünüzmü?

-Bəli, əlbəttə ki. Mən 10 ildən artıqdır ki, direktor müavini işləyirəm. Hazırda da direktor səlahiyyətlərini yerinə yetirirəm. Bu müddət ərzində də çalışmışam ki, uşaqlarımız repetitor yanına getməsinlər. Necə ki, əvvəllər o biliyi məktəbdə alırdılar, indi də məktəbdə alsınlar. Bunun üçün də direktor müavinləri, müəllimlər, metodiki birləşmə rəhbərləri ilə bərabər söhbətlər edirik. Həm təmayüllü, həm adi siniflərin dərslərində otururuq, buna nəzarət edirik. Təmayüllü siniflərə də yüksək bal toplayan, öz fənnini yüksək səviyyədə tədris edən müəllimləri cəlb etmişik. Doğrudur, elə valideyinlər var ki, heç nəyə baxmayaraq uşaqlarını repetitor hazırlığına göndərirlər. Amma mən qarşıdan gələn müddətdə əlimdən gələn hər şeyi edəcəyəm ki, məktəbimizdə təhsil, xüsusilə abituriyentlərə verilən bilik səviyyəsi o həddə qalxsın ki, repetitora ehtiyac qalmasın. Çünki məktəbimizdə şərait də olacaq, müəllimlərimiz abituriyent olmağa hazırlaşan şagirdlərimizlə təmənnasız olaraq məşğul olacaqlar. Mən bunu nəzərimdə tutmuşam və bu xətt öz planlaşdırmamda da yer alıb. Bunu reallaşdırmağı düşünürəm.    

- Maraqlıdır, orta məktəblərdə təlim-tərbiyə ilə bağlı durum nə yerdədir?

-Şəxəsn bizim müəllimlərin uşaqlarla rəftarı çox gözəldir. Onlara öz övladları kimi can yandırırlar. Uşağın tərbiyəsi təhsilindən də çətindir. Xüsusilə indiki halda ki, məktəbimizin təşkilatçısı yoxdur. Bu səbəbdən bizim üçün çox çətindir. Amma buna baxmayaraq biz kollektiv olaraq müəllim heyəti və direktor müavinləri, Uşaq Birliyi rəhbəri Xavər müəllimə, psixoloqumuz Bacıxanım müəllimlə ilə əl-ələ verərək uşaqlar ilə mütəmadi söhbətlər aparırıq, ayrı-ayrılıqda, fərdi, kollektiv şəkildə. Yeniyetmələrlə söhbət aparan polisimiz də bu işdə iştirak edir. Bunun nəticəsi kimi sentyabr ayından məktəbin daşınması da rahat gedir.

-Sovet vaxtı məktəblərdə dərnəklər var idi. Bu sahədə işlər nə yerdədir?

-İndi də bu dərnəklər mövcuddur. Əsasən bədii qiraət, bacarıqlı əllər, tikiş, rəssamlıq üzrə dərnəklərimiz var. Səhnəciklər hazırlayırlar. Fakultativ məşğələlər də keçirilir. Hələlik ki, məktəb binası ilə bağlı müvəqqəti çətinlik yaşayırıq, amma bu da tezliklə yoluna düşəcək. Mən bu sözü bacarığımıza, gücümüzə güvənərək deyirəm.

-Kollektivinizdə daxili münasibət necədir?

-Gözəl kollektivimiz var, kollektiv içində gözəl ab-hava hökm sürür. Pandemiya ilə bağlı biraz bir-birimizdən aralı düşmüşdük, amma bu sentyabrdan bəri əl-ələ verib çalışırıq. Bundan başqa deyim ki, məktəb kollektivi olaraq Sarayda yaşayan şəhid ailələrinə baş çəkmişik. Onlara mənəvi dəstək olamağa çalışırıq. Mütəmadi olaraq Saray qəsəbəsində yaşayan şəhid ailələrini ziyarət edirik. Bunlar həm 1-ci, həm 2-ci Qarabağ müharibəsi şəhidləridir.  

-Məktəbiniz nə vaxta yeni təhsil ilinə hazır olacaq?

-Yəqin ki, 2022-2023-cü il təhsil ilini yeni binamızda başlayacağıq. Bunu səbrsizliklə gözləyirik.               

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA