Aliment ödəməkdən yayınanların nəzərinə!
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Konstitusiya və “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən, bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
“Qafqazinfo” xəbər verir ki, bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır.
Qanuna görə, məhkəmə aktlarının vaxtında icrası hüquqi dövlət prinsipinin əsas tələblərindəndir.
Alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni pozuntu bir il ərzində təkrar törədildikdə məsuliyyət daha da ağırlaşdırılır.
Borclu şəxs inzibati xəta üzrə məhkəmə qərarı qəbul edilənədək icra sənədini yerinə yetirdikdə inzibati məsuliyyətdən azad olunur ki, bu da məhkəmə qərarlarının könüllü icrasını təşviq edir.