Alman kəşfiyyatından Putinlə bağlı ŞOK XƏBƏRDARLIQ
Rusiyanın nüvə başlıqlı peyki kosmosa buraxmağa hazırlaşması ilə bağlı şokedici məlumatlar yayılıb. Bu xəbər dərhal NATO-da ciddi narahatlıq və sərt reaksiya doğurub.
Musavat.com-un Almaniya mətbuatına istinadən xəbərinə görə, alyansın baş katibi Mark Rütte bəyan edib ki, blok kosmosdakı istənilən təhlükəyə qarşı özünü müdafiə edəcək.
Berlində Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında bu məlumatlarla bağlı sualı cavablandıran NATO baş katibi deyib:
"Biz həmişə NATO ərazisinin hər santimetrinin müdafiəsini təmin edəcəyik və bura kosmik məkanda təhlükəsizliyimizin təmin edilməsi də daxildir".
Həyəcan doğuran məlumatı Almaniyanın NDR və WDR ictimai teleradio şirkətləri, həmçinin "Süddeutscher Zeitung" qəzeti yayımlayıb.
Onlar Almaniya Silahlı Qüvvələrində və Federal Kəşfiyyat Xidmətindəki anonim mənbələrə istinad edərək, aparatın elə bu il buraxıla biləcəyini yazıblar. Nəşrlər heç bir əlavə təfərrüat açıqlamayıb.
Rusiyanın nüvə başlıqlı peyk hazırlaması barədə xəbərlər əvvəllər də gündəmə gəlib. Məsələn, oktyabrın sonunda dərc olunan "Kosmosda təhlükəsizlik sahəsində çağırışlar" adlı ABŞ hesabatında da bu məsələyə yer verilib. Həmin sənəd ABŞ-nin Çin və Rusiya ilə, eləcə də hərbi yönümlü kosmik proqramları olan KXDR və İranla hərbi rəqabətinə həsr olunub.
Hesabatda iddia edilir ki, Rusiya 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinə baxmayaraq, nüvə silahı çatdırmaq üçün nəzərdə tutulmuş peyk hazırlayır. Bu müqavilə Yer orbitində nüvə silahı və ya digər kütləvi qırğın silahları daşıyan obyektlərin yerləşdirilməsini qadağan edir.
2022-ci il fevralın 5-də Rusiya "Kosmos-2553" adlı kosmik aparat buraxıb.
Moskva bu peykin radiasiya və ağır yüklü hissəciklərin təsiri altında yeni cihaz və sistemlərin sınaqdan keçirilməsi üçün nəzərdə tutulduğunu bildirib. Lakin ABŞ hesabatında qeyd olunur ki, bu aparat rabitə, naviqasiya və Yerin məsafədən zondlanması peyklərinin istifadə etmədiyi qeyri-adi və təcrid olunmuş orbitə çıxarılıb.
Kosmosda baş verəcək nüvə partlayışı minlərlə peykin sürətli və qəfil sıradan çıxmasına və ya işinin kəskin pisləşməsinə səbəb ola bilər. Bunun səbəbi nüvə partlayışının zədələyici amillərindən olan elektromaqnit impulsudur (EMİ). Bu impuls müəyyən məsafədə radioelektron aparatları sıradan çıxarır və həmin məsafə nüvə yükünün gücündən asılıdır. Xüsusi ekranlarla təchiz olunmayan peyklər bu cür elektromaqnit dalğalarının təsirinə qarşı həssasdır və Yer orbitindəki aparatların əksəriyyəti EMİ-dən qorunmur.
Bundan əlavə, kosmosdakı nüvə partlayışı illərlə qala bilən uzunömürlü radiasiya qurşaqları yarada bilər. Bu qurşaqlar partlayış zamanı sağ qalan və ya yalnız müvəqqəti sıradan çıxan digər aparatları da zədələyə bilər. Orbitdə nüvə partlayışı çoxlu sayda aparata zərbə vurmaq üçün təhlükəli üsuldur. Müasir müharibələr kosmik sistemlərdən getdikcə daha çox asılı olduğu üçün belə zərbə peykləri təsirə məruz qalan tərəfi ciddi şəkildə zəiflədə bilər.
Bununla belə, Daremqem Universitetinin Kosmik Tədqiqatlar Mərkəzinin həmrəhbəri, doktor Bleddin Bouen BBC-yə müsahibəsində bildirib ki, çox yüksəklikdə və ya kosmosda nüvə yükünün partladılması zamanı Yerdə radioaktiv yağışların düşmə riski son dərəcə azdır. O izah edib ki, bu qənaət hələ 1960-cı illərdə Sovet İttifaqı və ABŞ-ın keçirdiyi sınaqlar zamanı əldə olunub. Yəni belə partlayış, ehtimal ki, Yerdəki insanlar üçün birbaşa təhlükə yaratmır. Ancaq bu silahın ciddi mənfi cəhətləri də var. Birincisi, bu addım beynəlxalq sazişləri pozur. Rusiya 1967-ci il Kosmos Müqaviləsinin iştirakçısıdır və bu sənəd orbitdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Hətta tətbiq edilmədən sadəcə yerləşdirilməsi belə orbitdə öz aparatları olan müxtəlif ölkələrin kəskin mənfi reaksiyasına səbəb ola bilər.
Məsələ burasındadır ki, EMİ, eləcə də sonrakı radiasiya çirklənməsi fərq qoymadan təsir edir. O, yalnız bir konkret ölkənin peyklərini sıradan çıxara bilməz, EMİ-nin təsir zonasındakı bütün aparatlar zərər çəkər.
Nəhayət, doktor Bouenin sözlərinə görə, qitələrarası ballistik raketlərə (QBR) malik ölkənin kosmosa ayrıca aparat buraxmasına ehtiyac yoxdur, çünki onların nüvə döyüş başlıqları kosmik orbit yüksəkliklərinə çatır. Kosmosda nüvə partlayışı törətmək üçün mütləq xüsusi peyk hazırlamaq lazım deyil. Ekspert həmçinin əlavə edib ki, GPS sistemi aparatları daxil olmaqla hərbi peyklər artıq EMİ-dən müdafiə olunub. Onun sözlərinə görə, məsələn, bütün GPS şəbəkəsini sıradan çıxarmaq üçün çox sayda nüvə partlayışı həyata keçirmək tələb olunardı.