Alman mətbuatı Rusiyanın Moldova planı barəsində məxfi sənədi yaydı: “2030-cu ilə qədər...”
Hurriyyet.az xəbər verir ki, “Döyçe Velle” alman nəşri Kremlin Moldovanı nəzarət altına almağı planlaşdırdığını yazıb. Nəşrin yazdığına görə, bir sıra alman informaiya vasitələri Kremlin Moldovanı Qərbdən Rusiyaya doğru meylləndirmək planının surətini əldə ediblər. Sənəddə bu hədəfə çatmaq üçün konkret yollar təklif edilir.
Almaniyanın WDR, NDR media şirkətləri və “Süddeutsche Zeitung” qəzeti martın 15-də həmin sənədin nüsxəsinə istinadla yazıblar: “Rusiyanın strateji hədəfi – Moldovanı Qərbdən qoparmaq və onu öz nüfuz dairəsinə qaytarmaqdır”. Onların iddiasına görə, 5 səhifədən ibarət bu sənəd 2021-ci ilin yayından bəri Kremlin Moldova ilə bağlı planını əks etdirir. Moskvanın strategiyasına siyasi, hərbi, iqtisadi, sosial və ticarət sahələrində tədbirlər görmək daxildir. Alman mətbuatının fikrincə bu sənəd də Belarusun Rusiyaya birləşdirilməsi strategiyasını hazırlayan ekspertlər tərəfindən hazırlanmış kimi görünür.
Sənəddə Moldovanın Qərblə rəqabətdə mühüm arena olduğu yazılıb. Ölkəni Rusiyanın liderlik etdiyi qurumlara – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına cəlb eləmək, ölkədə rusdilli təhsili genişləndirmək, Rusiya universitetlərinin filiallarını açmaq planlaşdırılır: “2030-ci ilə qədər Moldova cəmiyyətində və siyasi dairələrində NATO-ya qarşı neqativ münasibət kök atmalı və Rusiya KİV-i geniş yayılmalıdır”.
Hürr Tərcüman