📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəkləyir

2024-05-23 17:51:01

Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəkləyir

Almaniya ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirləri Ukraynaya 50 milyard dollar yardım göstərmək üçün istifadə etmək planını dəstəkləməyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentlik mənbələrinin məlumatına görə, ABŞ-ın son təklifi Avropa paytaxtlarında, o cümlədən Berlində daha müsbət qarşılanıb, çünki bu, əsas məbləği geri götürmədən aktivlərdən əldə edilən faizlərin istifadəsini nəzərdə tutur.

"ABŞ-ın təklifinin mayın 23-dən 25-dək İtaliyada keçiriləcək Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə əsas təklif olacağı gözlənilir. Eyni zamanda, Almaniya rəsmiləri bu məsələ ilə bağlı yekun razılığın iyun ayına qədər, təklifin isə gələn ilə qədər həyata keçirilməsini gözləmirlər", - deyə "Bloomberg"ə mənbələr bildiriblər.

Agentlik qeyd edir ki, Berlinin təsdiqi Vaşinqtonu və onun müttəfiqlərini Kiyevə yeni əhəmiyyətli yardım paketi təqdim etməyə yaxınlaşdıracaq həlledici addım ola bilər.

Daha əvvəl “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ “Yeddilik” ölkələrini Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirlə təminatla kredit verməyə çağırır.

Qəzetin həmsöhbətlərinin bildirdiyinə görə, Almaniya, İtaliya, Fransa və Yaponiya bu təklifə qarşı çıxıblar, lakin iyun ayında keçiriləcək G7 sammitində bu planı razılaşdırmaq və gəlirlərin istifadəsi ilə bağlı müddəa daxil etmək istəyən Vaşinqtonun təzyiqi ilə onların münasibəti dəyişməyə başlayıb. Və onlar görüşün yekunlarına dair birgə bəyanatda Rusiya aktivlərindən istifadə olunmasına razılaşacaqlar kimi mövqe nümayiş etdirirlər.

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Kremilin Ukraynada müharibəyə başlamaq qərarından sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-ın payına düşür. ABŞ Konqresi daha əvvəl Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin əslində Kiyevə verilməsi üçün müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri paketini təsdiqləyib.

Rusiya Bankının sədri Elvira Nabiullina 2023-cü ilin noyabrında vurğulamışdı ki, Rusiya aktivlərinin Qərb tərəfindən müsadirə edilməsi və dondurulması, presedent kimi, qlobal maliyyə sisteminin ümumi inkişafı üçün mənfi nəticələrə səbəb olacaq. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, Qərb ölkələri ehtiyatlarını müsadirə etmək qərarına gəlsə, Rusiya Federasiyası simmetrik hərəkət etməyə məcbur olacaq.

bizimyol.info