Almaniya XİN-dən BƏYANAT: Rusiya Ukraynaya müdaxilə edərsə "Şimal axını 2" Rusiyaya qarşı sanksiyalar siyahısına daxil olacaq...
Almaniya Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə “Şimal axını 2” qaz kəmərini Moskvaya qarşı sanksiyalar siyahısına daxil etməyə hazırdır. Bu barədə yanvarın 27-də Almaniyanın XİN naziri Annalena Berbok məlumat verib.
“Yeni aqressiya halında, “Şimal axını 2” də daxil olmaqla, Rusiyaya qarşı geniş spektrli sanksiyalar tətbiq oluna bilər”, deyə nazir bildirib.
Bir gün əvvəl isə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirmişdi ki, Ukrayna ətrafında böhran gərginləşməkdə davam edərsə, Vaşinqton "Şimal axını 2"nin istifadəyə verilməsinin qarşısını almaq niyyətindədir. O, qeyd etmişdi ki, kəmərin hələ işə salınmaması ABŞ-a Rusiyaya qarşı təsir rıçaqları verir.
Almaniyanın “Bild” qəzetinin bir gün əvvəl yazdığı kimi, ABŞ hakimiyyəti Ukraynada vəziyyətin kəskinləşməsi halında "Şimal axını 2" də daxil olmaqla Rusiyadan xammal tədarükünün məhdudlaşdırılmasında Almaniyanın “aparıcı rolu” öz üzərinə götürməsinə çalışır. Vaşinqton Berlinin bu layihəyə qarşı çıxmaq istəməməsindən narazıdır. Nəşrin yazdığına görə, Almaniya ABŞ-ı inandırmağa çalışıb ki, Ukraynaya müdaxilə olarsa, Rusiya qazı "Şimal axını 2"dən keçməyəcək, lakin layihədən tam imtina etməkdən söhbət gedə bilməz.
Ülviyyə, Hurriyyet.az